1994-cü il 20 sentyabr tarixi, Gülüstan sarayı... Müstəqilliyinə
yeni qovuşmuş bir ölkənin gələcək taleyi həmi gün məhz bu sarayda
həll olunurdu. Dünyanın 8 ölkəsindən 13 şirkətin - (“ARDNŞ”,
“AMOKO”, “MakDermott”, “Yunokal”, “BP”, “Lukoyl”, “Statoyl”,
“Ekson”, “Türkiyə petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”
- nümayəndələri, rəsmi şəxslər, yüksək səviyyəli qonaqlar
saraydadır.
Və həmin gün, Azərbaycanın iqtisadi müstəqilliyinin qazanıldığı,
daha sonra siyasi gücünü artıracaq müqavilə imzalandı: “Əsrin
Müqaviləsi”.
Azərbaycanın sonrakı taleyində ana xətt olaraq keçən milli neft
strategiyasının əsası qoyuldu. Halbuki bu asanlıqla əldə
olunmamışdı.

90-cı illərin ağır günləri, ərazilərin işğalı, ölkənin varlığı üçün
mövcud iqtidarın daxilində baş verən intriqalardan doğan
təhlükələr... və bütün ümidlər qırılır. “Qırmızı imperiyadan
qurtulduq, yenə də işğal altına düşəcəyik?” sualı hər kəsi
düşündürür. Hər şey uçurumun dibinə yuvarlandığı vaxt Heydər Əliyev
yenidən qayıdır və hər kəsin gözlədiyi, lakin inanmadığı bir hadisə
baş verir.
Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin
hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında
taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd
fəlakətdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün
də tədbirlər görməyə başladı.
“Heç bir səhvə yol verə bilməzdik”

“Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və
yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır
keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin
qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına
çatırdı.
Həmin anı Prezident İlham Əliyev belə xatırlayır: “Biz xarici
şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə
edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını
müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin
yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu
səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcək. Başqa
sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.
Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli
mənafeyinə uyğun hazırlandı.
Neft tariximiz, qara qızıl necə aşkarlandı?
1848-ci ildə Bakının Bibiheybət kəndində kustar üsulla qazılan
quyudan neft fəvvarə vurdu. Beləliklə, indi dünyanın enerji
təhlükəsizliyində xüsusi paya malik olan Azərbaycan nefti aşkar
edildi.
İlk neft zavodu Bakıda 1859-cu ildə tikildi. Bundan 4 il sonra,
1963-cü ildə kerosin zavodu inşa edildi və bu zavodda dünyada ilk
dəfə neftayırma prosesində soyuduculardan istifadə edib. 1867-ci
ildə isə artıq Bakıda 15 neftayırma qurğusu fəaliyyət
göstərirdi.
XIX əsrin sonunda Azərbaycanın neft sənayesində fəaliyyət göstərən
167 sahibkarın 49-u azərbaycanlı olub. Bunların sırasında o dövrün
neft maqnatları və milyonçuları sayılan Hacı Zeynalabdin Tağıyevi,
İsa bəy Hacınskini, Murtuza Muxtarovu, Şəmsi Əsədullayevi və
digərlərini qeyd etmək olar. Məhz onların fəaliyyəti nəticəsndə
1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti olaraq “Bakı neft
cəmiyyəti” yaradılıb.

XIX əsrin 70-ci illərindən etibarən isə Azərbaycanın neft
sənayesinə xarici kapitalın güclü axını başlayıb. Bunların
sırasında əsas rolu isə Lüdviq və Robert Nobel qardaşları oynayıb.
Neft sənayesində bir sıra yeni ideyaların geniş miqyasda
reallaşdırılması onların adı ilə bağlıdır.
Neftin mədənlərdən zavodlara və dəniz sahilinə çatdırılması üçün
ilk boru kəmərini inşa etdirən, neft daşımaları üçün “Zərdüşt” adlı
ilk neftdaşıyan paroxodun və dünyada ilk neft daşıyan tanker olan
"Zorastr" gəmisinin İsveçdə istehsal etdirilərək Azərbaycana
gətirilməsinin sifarişçisi məhz bu qardaşlar olublar.
Nəticədə 20-ci əsrin ilk dövrlərində, neft sənayesinin
milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən
müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik
firma, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq
mexaniki sex, təmir emalatxanası və s. fəaliyyət göstərib.
Daha sonra qısa müddətdə yaşayan ADR milli sərvəti lazımınca
istifadə edə bilmədi. Qismət 70 ildən sonraya imiş. Sovetlər vaxtı
Azərbaycan nefti ittifaqın damarlarında axan əsas qan rolunu
oynadı. II Dünya müharibəsinin qazanılmasında da Bakının qara
qızılı əvəzsiz rola malik idi. Lakin bizim olan sərvət bizə
özgəsinin malı kimi təqdim edilirdi.
Müstəqillik gəldi, “yaşasın Kral?”

Nəhayət “Azərbaycan müstəqilliyinə qovuşdu və hər şey arxadan
qaldı” deyərkən problemlər də neft fontanı kimi “fəvvarə” vurdu.
Söhbət 1991-94-cü illərdəki 3 illik müddətdən gedir. Hətta
müstəqillik uğrunda mübarizə aparanlar belə problemləri görüb
yenidən SSRİ-ni arzulayırdılar.
Bu illər ölkəni ən azı 30 il geriyə atdı. Belə ki, 1991-1994-cü
illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta
hesabla 16,5 faiz azalıb. Bu isə yenicə müstəqillik qazanan bir
ölkə üçün dəhşətli tendensiya idi. İqtisadiyyatı dağılan dövlətin
tezliklə ya dağılacağını, ya da müstəmləkəyə çevriləcəyini nəzərə
alsaq bu tale Azərbaycanı da gözləyirdi. Buna baxmayaraq ölkənin o
zamankı rəhbərləri bu yolda dəyişikliyə səbəb olacaq heç bir addım
ata bilmirdi, yaxud da ümumiyyətlə bu haqda düşünmürdülər. Nəticə
isə göz qabağında idi. 1990-cı illərin iqtisadi mənzərəsini özündə
əks etdirən rəsmi məlumatlarda sənayenin də tənəzzül prosesi
yaşadığı göstərilir. Belə ki, 1985-ci ilə nisbətən sənaye
istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz,
1993-cü ildə isə 50 faizə qədər azalma vəziyyətində idi. İstehsal
potensialının 2/3-ni itirən ölkədə işsizliyinin səviyyəsi kritik
hala çatmışdı. İnflyasiyanın səviyyəsi isə əvvəlki illərə nisbətən
xeyli artmışdı. 1992-ci il üçün 4.9 dəfə olan inflyasiya 1994-cü
ildə ən yüksək həddə çatdığı göstərilir. Büdcə kəsirinin ümumi
daxili məhsula nisbəti isə 1991-ci ildəki 1 faizdən 1994-cü ildə 13
faizə qədər artıb. 1992-1994-cü illərdə xarici ticarət
dövriyyəsinin həcmi 42 faiz azalaraq, 1994-cü ilədək ölkə
iqtisadiyyatına bir manat da xarici sərmayə yatırılmayıb. Ölkə
iqtisadiyyatının idarəolunmaz vəziyyəti nəticəsində insanların
yaşayışı da xeyli aşağı səviyyədə idi. Eyni zamanda, 1991-1995-ci
illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına
pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüş vəziyyətdə idi.
Əhalinin əmək haqları isə, 1991-ci ildən başlayaraq 4 il ərzində
5,7 dəfə azalıb.
Bütün bunlar müstəqilliyini yenicə qazanan ölkəni dağılma həddinə
çatdımışdı. Əslində isə hər bir siyasi müstəqillik əldə edən
dövlətin qarışında duran ən vacib məsələ xarici müdaxilələrə tab
gətirə bilən, heç bir təsir altına düşməyən müstəqil milli
iqtisadiyyatın və beynəlxalq ticarətdə güclü məzənnəyə malik olan
milli valyutaya əsaslana milli bazarın yaradılması və inkişafını
sürətlə getməsini təmin etməkdir. Bunu üçün əldə olan vəsaitləri
düzgün qiymətlədirilməsi və lazımlı sahələrin inkişafına yönəltmək
lazım idi ki, bu da ozamankı rəhbərləri düşündürmürdü.
O gəldi və xilas yolu tapıldı
Lakin Azərbaycan iqtisadi mənzərədə tənəzzül görüntülərini,
inkişafla əvəz edə bildi. Bu mənzərənin görüntüsünü dəyişənsə
hakimiyyətə yeni gələn Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il
sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” oldu. Müharibədən
yenicə çıxmış Azərbaycanın siyasi, iqtisadi və informasiya
blokadası şəraitində olduğu bir vaxtda imzalanan bu sənəd ən
azından ölkəmizi dünyaya tanıdan ilk addım idi. Çünki, həmin dövr
üçün Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi,
yaxud da yalnız mənfi rəy formalaşmışdı.
Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm
respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici
siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

Artıq hər bir dövlət üçün vacib olan milli iqtisadiyyatın əsası
Azərbaycanda da qoyulub. İqtisadi nəzəriyyəyə görə, milli
iqtisadiyyat və milli bazar müəyyən bir xalqa, millətə məxsus olub
onun mənafelərini ifadə edən, hüdudları dövlət sərhədləri ilə
məhdudlaşan, özünün maddi-texniki əsası, münasibətlər sistemidir.
Təsərrüfat mexanizmi və idarəetmə strukturları ilə birlikdə
sosial-iqtisadi orqanizm olan dövlət üçünsə milli iqtisadiyyatın
yaranması öz sərhədləri çərçivəsində tanınması qədər önəmli
məsələlərdəndir. Hər bir ölkənin milli iqtisadiyyatı ümumdünya
iqtisadiyyatının bir hissəsini təşkil etdiyi üçün bununla da
Azərbaycan bir müstəqil dövlət kimi, dünyada tanınaraq, onun
ayrılmaz bir hissəsinə çevrildi. Buna da məhz Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə nail olundu. Buna milli iqtisadiyyatın
əsaslarına nəzər yetirdikdə bir daha əmin olmaq olur. Belə ki,
nəzəriyyəyə görə, iqtisadiyyatin müstəqil milli əsaslarının
yaradılmasında dörd əsas zəruri şərtə- ərazi birliyinə, ərazi əmək
bölgüsünə, iqtisadi birliyə, istehsalın kompleks inkişafına əməl
olunmalıdır. Bu şərtlər də məhz Heydər Əliyevin gəlişi ilə həyata
keçirildi.
Azərbaycan üçün həyati əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”ndən
sonra yeni daşınma kəmərlərinin çəkilməsi ilə bu prosesi davam
etdirmək vacib idi. Buna görə də, Bakı-Supsa kəməri işə salındı,
“Bakı-Tbilisi-Ceyhan” neft kəməri inşa olundu. Daha sonra ölkədə
neft gəlirləri qeyri-neft sektorunun inkişafına xərclənməyə
başlandı. Ölkədə uzun durğunluqdan sonra kənd təsərrüfatı və sənaye
dirçəldi.
1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta
hesabla ildə 3,6 faiz artıb. Son 4 ildə emal sənayesi sahələrində
məhsul istehsalı 24 faiz, o cümlədən yeyinti sənayesində 22 faiz,
taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5
dəfə artım olub. Hər bir ölkə üçün vacib olan milli iqtisadiyyat
Azərbaycanda da bərqərar oldu və artıq bir sıra uğurlar əldə
edilməyə başlandı.
Ölkəyə daxil olan valyuta ehtiyatları artdıqca neft gəlirlərinin
idarə edilməsi və qorunması zərurəti yarandı ki, bunu nəzərə alan
Heydər Əliyev neft strategiyasının əsas məqamlarından bir olaraq
Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və
məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə
Dövlət Neft Fondunun yaradılması barədə Fərman imzaladı. Neft
Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında
ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə
edilməsi üçün əsaslı təminat quruldu.
Və Heydər Əliyevin yaratdığı milli neft strategiyası bu gün
Azərbaycanı regionda və dünyada lider dövlətlərdən birinə çevirdi.
Hər şey 1994-cü ildə başladı və hər şey Heydər Əliyev şəxsiyyəti
ilə bərqərar oldu.

Məhz onun əsasını qoyduğu strategiyaya əsaslanan Prezident İlham
Əliyev dünyanın enerji xəritəsini dəyişən “Yeni əsrin müqaviləsi”nə
imza ataraq, Azərbaycanın adını dünya tarixinə yazdırdı.
Asif