AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yaradıldığını, ora sədr olaraq avstriyalı sabiq referi Fritz Stuxlikin təyin olunduğunu xəbər vermişdik.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Stuxlik AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan brifinqdə iştirak edib. O, yeni işi və gələcək planları haqda danışıb:

"Məni AFFA-ya UEFA məsləhət gördü. Federasiya ilə uzunmüddətli müqavilə bağlamışam. Yeni, elit hakimlərlə bağlı planlarımız var və gənc hakimlərin cəlb olunması ilə bağlı işlər görəcəyik".

Bu gün hakimlərlə görüşəcəm, axşam isə "Qarabağ" - "Sumqayıt" oyununu izləməyə gedəcəm".

52 yaşlı keçmiş FİFA referisi ötən il Rumıniyanın paytaxtı Buxarestdə Əliyar Ağayevin idarə etdiyi oyunda hakim-inspektor olduğunu da xatırladıb:

"Ağayev həmin oyunu yaxşı idarə etdi. Bəlkə də, buna görə yeni kateqoriyaya yüksəldi".

Stuxlik hakimlərin qiymətlərinin ictimaiyyətə açıqlanmayacağını deyib:

"Konvensiyada yazılıb ki, qiymətlər yalnız hakimlərə bildiriləcək. Hazırda 3 kateqoriya var. Əliyar Ağayev yaxşı mövqedədir. Ağayevin elit kateqoriyaya yüksəlmə şansı da var. Bu, idarə edəcəyi oyunlardan asılı olacaq. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin ayrı olması UEFA-da çaşqınlıq yaratmışdı".

Yeni komitə sədri AFFA-dakı işində vaxta ehtiyacı olduğunu bildirib:

"Xahiş edirəm, mənə vaxt verin. Söz verirəm ki, bir neçə həftədən sonra sizinlə görüşümdə daha geniş məlumatlar verəcəm".

Milli.Az