Azərbaycanlı məşhur qeyri-adi filmindən danışdı: "Məktəbə sevişməyə gəlir..." - FOTOLAR
Paylaş
14 Sentyabr 2018, 12:08·56 baxış·9 dəq oxu
Publika.az-n müsahibi tanınmış aktyor Kamran
Ağabalayevdir.
- Kamran bəy, gündəmdə “Ağacdələn"
filmidir.
- Bəli... Film ağacdələnin üzərində qurulub. Hələ ibtidai
sinifdə oxuyandan bilirik ki, ağacdələn meşənin sanitarı sayılır.
Odur ki, cəmiyyəti təmizləmək, baş verənləri üzə çıxarmaq üçün
ağlıma ağacdələn mövzusu gəldi. Filmi izləyəndə görəcəksiniz ki,
hadisələr cəmiyyətimizdə baş verən bir sıra hadisələrə çox
bənzəyir, lakin filmdə cərəyan edənlər bir-birinə tam bağlıdır və
xəyali məhsuldur. Kim necə istəsə elə də anlayacaq. Məsələn,
yayımlanan tizerdə ağacdələn həkimə sağ ayaq əvəzinə solu kəsməyi
təklif edir, digər hadisənin qəhrəmanı Bakıda yaşayan bir geydir.
Növbəti hadisədə 11-ci sinifdə oxuyan dayısı qızını 11 bıçaq
zərbəsilə öldürən, hətta bıçağı ürəyində sındıran gəncin ətrafında
cərəyan edir. Təhsil mövzusuna da toxunmuşuq. Məktəblərdə son
zamanlar qəribə hadisələr yaşanır. Deməyəcəm necə hadisələrdir.
Yəni kimsə məktəbə geyimini göstərməyə, kimsə təhsil almağa, kimsə
də sevişməyə gəlir.
- Məncə, bu bölgü hər zaman olub.
- Mən bunu danmıram, amma biz məktəbli olduğumuz illərdə nəzarət
vardı. Məsələn, mən fəxr edirəm ki, 190 nömrəli məktəbdə oxumuşam.
İndi-indi anlayıram ki, niyə direktorumuz Sona xanım öz kabinetində
oturmurdu, davamlı mərtəbələri gəzirdi. Sağ olsun! O vaxtlar
barmaqarası yanaşırdım, vaxt keçdikcə anlayıram ki, bəli, mən
müəllimlərimə borcluyam. İndiki uşaqlar bu baxımdan kasaddır. Hətta
Azərbaycan dili müəllimim Ramizə xanım bizə mürəkkəb qaydaları
öyrədəndən sonra mütləq qulağımızı dartırdı ki, bu ağrının hesabına
dediyimi yadda saxlayacaqsınız. Bu günsə geyimlər də, xarakterlər
də fərqlidir. 6-7-ci sinif şagirdləri artıq bilirlər ki, uşaqları
nə leylək gətirir, nə də kələm qabığından tapırlar.
- Sözün açığı, mən də o yaşda hər şeydən agah
idim.
- Amma biz inanmaq istəyirdik axı. Məsələn, mən indinin özünə
qədər Şaxta babanın varlığına inanmaq istəyirəm. Biz Şaxta baba
demişik, Avropada isə Müqəddəs Nikolas kimi tanınır. Bunlara
inanmasam, biləcəm ki, böyümüşəm.
- Və siz böyümək istəmirsiniz...
- Heç istəmirəm. Ətrafıma, cəmiyyətə baxıram, uşaqlığımdan daha
möhkəm yapışıram.
- Bir məqama toxundunuz, bunun üzərində durmaq
istəyirəm. Qulaq buraraq şagirdin yaddaşını möhkəmləndirməkdən
danışdıq. Axı indi dünyanın ən qabaqcıl sistemi olan fin təhsili
əksini sübut etdi. Yəni uşağa tam azadlıq verərək, məktəb
qəlibindən uzaq tutaraq, daha yüksək nəticə əldə etmək
olar.
- Doğrudur, amma Avropa insanının da bəyənmədiyim bir sıra
xüsusiyyəti var. Məsələn, onlar öz sahələrində mükəmməl ola
bilərlər, amma adi Kulikovo döyüşündən, ən bəsit coğrafi
toponimlərdən xəbərsizdirlər. Sual verəndə də əminliklə deyirlər
ki, axı bu mənim sahəm deyil. Niyə bilməliyəm? Bilmirəm, bu
doğrudur, ya yox?
- Əslində çox maraqlı məqama toxundunuz. Yaxınlarda bir
almanla müsahibə etdim. Eynilə bu fikri səsləndirdim. O isə
cavabında - əgər sənin ölkənin geniş dünyagörüşlü insanı bizə
müalicəyə gəlirsə, demək bu sistem doğrudur - dedi. Yəni sağ ayaq
əvəzinə solu kəsən həkimin ədəbiyyat biliyi nə dərəcədə
vacibdir?
- Yəqin ki, bu daha vicdanlı yanaşmadır. Hərtərəfli biliyimiz
sayəsində Nizaminin, Füzulinin belə milli mənsubiyyətini dünyaya
sübut edə bilməmişik.
13 yaşlı azərbaycanlı istedaddan qeyri-adi açıqlama: "Paralel dünyada ayıya çevrilirik" - FOTOLAR
- Ağacdələnin qurbanları rolunda hansı aktyorlarımızı
görəcəyik?
- Sənubər İskəndərli, Qurban İsmayılov, Zarina Qurbanova, Taleh
Yüzbəyov, Əlixan Rəcəbov, Elcan Rəsulov, Elvin İbranı görə
biləcəksiniz.
- Film artıq hazırdır?
- Montaj prosesindəyik. Hazır olandan sonra kinoteatrlarda
izləyə biləcəksiniz.
- Son dövrlər xarici kinolarda ən çox adı hallanan yerli
aktyorumuz yəqin ki, sizsiniz...
- 6-ya yaxın türk filmində, 1 serialda, bundan əlavə Amerikada,
İranda, Rusiyada filmlərdə çəkilmişəm. Bir sözlə, çox set görmüşəm.
Ona görə inanırdım ki, "Ağacdələn"in rejissorluğunun öhdəsindən
gələcəm. Mənimlə birgə çalışan yaradıcı qrupun bütün üzvlərinə
minnətdarlığımı bildirirəm. Onlar mənə inanmasaydı, "Ağacdələn" də
ərsəyə gəlməzdi. Bir şeyi sübut etdik ki, sənətə sevgi varsa, kiçik
büdcə ilə də, minimal aktyor sayı ilə də film çəkmək olar.
- Doğrudur. Bu yaxınlarda Konstantin Xabenskinin
iştirakı ilə bir film izlədim. Əsas süjet xətti ofisindən kənara
çıxmayıb, sutka ərzində yalnız telefon zəngləri edən müdir üzərində
qurulub. Kifayət qədər də gözəl filmir.
- Xabenski mənim də çox sevdiyim aktyordur. Bilirsiniz, onun
filmlərini bir də niyə sevirik? Çünki bilirik ki, həyatda da
kifayət qədər yaxşı insandır. Bu artıq şüuraltı faktordur. Eyni
vəhdət mərhum böyük sənətkarımız Fuad Poladova da aiddir. Onun
sənəti ilə xarakteri bir-birini möhtəşəm şəkildə tamamlayırdı.
Yaxud dünya kinosunun dahisi Marlon Brando ağır xarakteri
ucbatından çox çətinlik çəkdi.
- Maraqlıdır, aktyora insaniyyətinə görə dəyər
verməliyikmi?
- Bəxtimdən 2010-cu ildə ilk çəkildiyim filmin ilk səhnəsində
Fuad Poladovla tərəf müqabili olmuşam. Həyəcanla dayanmışam,
texnikadan xəbərim yox...Yaxınlaşıb dedi ki, niyə süst qalmısan,
başqası olsa, sevinər ki, filmə çəkilirəm. Dedim, bir tərəfdən
sevinirəm ki, sizinlə çəkilirəm, digər tərəfdən də mən ambisiyalı
insanam. Səhnədə sizdən geri qalmaq istəmərəm, amma indi boşam. Nə
etməli olduğumu bilmirəm. Dedi, mətnini deyə-deyə 17-ni 14-ə
vurarsan. Sonra sənətdən hali olunca öyrəndim ki, vurma cədvəlini
düşünərkən bütün impulslar gözdə cəmlənir, baxışlar daha təsirli
olur.
- Böyük sənətkarımız dünyasını dəyişəndə sosial şəbəkədə
status paylaşdım. “Sən nə De Nirodan, nə də Paçinodan heç nəyinlə
geri qalmırdın. Yeganə yanlışın bu ölkədə doğulmağın idi". Bəs
qorxmursunuz ki, siz də o yaşa çatanda haqqınızda belə fikir
səsləndirəcəklər?
- Mən gənc aktyorlara nəzər salıram, hamısı şöhrət ardınca
qaçır. Mənsə, sadəcə oynamağı, filmin bir parçası olmağı sevirəm.
Aktyorluğuma dəyər yükü də qoymuram. Riçard Gir də deyir ki, bərbad
aktyoram, amma bəxtim gətirib. Mən də belə düşünürəm. İranda,
Amerikada, Rusiyada maraqlı ekran əsərlərində yer almışam. İndinin
özünədək Türkiyədən yaşayıb, çalışmaq dəvəti alıram. Amma köçməyi
düşünmürəm.
- Niyə?
- Çünki bizim qayığımız artıq tərpənib. Mən də bu qayıqda olmaq
istəyirəm və nə qədər absurd səslənsə də, Bakısız qala bilmərəm.
Şəhərimi sevirəm. Valideynlərim bu torpaqda uyuyur. Hər səhər
Xəzərin sahilində gəzişirəm. Bütün bunlardan özümü məhrum edə
bilmərəm. Amma nə vaxtsa köçmək istəsəm, bu şəhər mütləq Tbilisi
olacaq. Çünki çox dəyişib. Əsl Avropa ruhu hopub şəhərə. Hara
getsəniz, sizi gülümsəyən insanlar qarşılayacaq. Bir də belə bir
deyim var ki, gürcülər dünyaya yorğun gəlib. Bu dünyada
dincəlirlər.
- Fransızlar kimi...
- Bəli. Özü də dincəlməyi bacarırlar. Bizdən fərqli olaraq,
istirahət anlayışları tək yeməklə bitmir.
- Bəs hansı ölkənin kinematoqrafiyası sizə daha
doğmadır, ilham verir, öyrədir?
- Qəribə bir məqam var. İnsan kino sahəsində çalışırsa, heç bir
filmə pis deyə bilmir. Çünki həmin əziyyəti sən də dadırsan.
Başqasının işi zəif olsa da, pisdir deyə bilmirsən. Ümumiyyətlə,
komediya janrı mənə yaddır. Amma ingilis yumorunu sevirəm. Bizdə
isə qurşaqdan aşağı komediyalar aktualdır. Düşünürəm ki, bu
baxımdan ingilislərin səviyyəsinə çatmağımıza hələ 30-40 il vaxt
lazımdır. Bu gün İran kinematoqrafiyası çox güclüdür. Bizim
gözümüzdə böyük problem kimi görünən məsələləri onlar özlərinə dərd
etmirlər, çox asan həlli yollarını, alternativlərini tapırlar.
Kiçik komanda ilə film çəkməyi də onlardan öyrənmişəm. İran filmi
ciddi mesaj verir, insan münasibətləri üzərində qurulub. Filmin
əsas vəzifəsi də bu olmalıdır. Kino bədən dilindən də ibarətdir,
amma getdiyim bütün xarici kurslarda bir şey öyrənmişəm. Kino göz
ünsiyyətidir. İnsan roluna bürünməməlidir. Sadəcə sən xarakteri
mənimsəyib, özününküləşdirməlisən. Bu problemə görədir ki,
azərbaycanlı aktyorlar 45 yaşdan sonra ürək xəstəliyinə tutulurlar.
Aktyor necə deyə bilər ki, mən bu filmə baxanda obraza büründüyümü
hiss etdim?! Sadəcə təklif olunan vəziyyət və sənin ona münasibətin
var.
- Bəs bu gün yerli kino biznesində təklif olunan
vəziyyətə ən gözəl münasibət göstərən aktyor kimdir?
- Tam səmimiyyətlə deyirəm, bu gün dünya kinosunda ən çox
sevdiyim aktyor Qurban İsmayılovdur. O nə De Nirodan, nə də
Hopkinsdən geri qalır. Hətta 2017-ci ilin ən yaxşı Avrasiya aktyoru
seçilib. Belə güclü aktyor olandan sonra mütləq məşhurlaşacaqsan.
Bəziləri düşünür ki, instaqram səhifəsində izləyicilərinin sayı
çoxdursa, demək şan-şöhrət onu tapıb. Dünyanın heç bir yerində belə
şey yoxdur. Məsələn, məni Türkiyəyə sosial şəbəkələrdəki fəallığıma
görə dəvət etməmişdilər. Türkiyədə çəkildiyim ilk filmdəki obrazıma
artıq aktyor da dəvət olunmuşdu. Mənə isə epizod verirdilər.
Rejissora heç nə demədən, istədiyim obrazdan bir parça oynayıb,
videoya çəkdim. Sona həmin kadrı yaradıcı heyətə göndərdim. Zəng
vurdular ki, biz bu rolu sizə verməyə hazırıq, gəlin görüşək. Yəni
demək istəyirəm ki, bir şeyi çox istəyirsənsə, mütləq yerinə
yetəcək.
- Son vaxtlar vaynerlər məhsuldarlıqda da, məşhurluqda
da aktyorları geridə qoyurlar. Hətta rejissorların da maraq
dairəsində aktyorlardan çox vaynerlərdir. Düşünmürsünüzmü ki, gün
gələcək tammetrajlı filmlərimiz 5-10 dəqiqəlik vaynlarla
əvəzlənəcək?
- Xeyr, bu heç vaxt baş verməyəcək. Hətta Türkiyənin ən məşhur
vaynerlərindən olan Ali Kundilli məşhurluğuna rəğmən, son dövrdə
filmlər çəkməyə başladı və daha çox məşhurluq qazandı. Bizdə də
Əlixan Rəcəbov, Elvin İbra kimi vaynerlər var. Onların da yolu
parlaqdır.
- Əlixan Rəcəbovun kütlə tərəfindən çox şişirdildiyini
düşünmürsünüz?
- Bir çox vaynerlər tanıyırıq. Amma gedək hamısı ilə
söhbətləşək. Görək onların içərisində Eduard Əsədovun şeirlərini
kim bilir, dünya filmlərini tanıyır. Əlixan çox məlumatlı insandır,
metodikası, intellekti var. Bir vaynda 4 xarakter canlandırır.
Demək ki, insan istedadlıdır. Taleh Yüzbəyov da peşəkar aktyordur.
Elvin İbra da öz üzərində çalışsa, qısa müddətdə ölkənin ən
istedadlı aktyorlarından olacaq.
- Bu il sizdən hansı yenilikləri gözləyək?
- Ümumiyyətlə, kadr arxasında qalmaq istəyirəm. Amma Türkiyədə
“Tolqa bey” adlı filmə də dəvət almışam. Ali Poyrazoğlu ilə birgə
çəkiləcəyik. Fransız kinematoqraflarının ərsəyə gətirdikləri “1+1”
filminin ssenarisinə əsasən ərsəyə gələcək.
- Hətta “Forsaj” filminin növbəti bölümünə azərbaycanlı
aktyor dəvət edilsə, o mütləq siz olmalısınız.
- Niyə də yox? Əslində hazırda Amerikadan da bir neçə təklif
var. Gözləyirik.
- Söhbətimizin yekunununda bir sual da vermək istəyirəm.
Deyirlər ən mükəmməl yeni olan nə varsa, çoxdan unudulmuş köhnədir.
Hətta bu günlərdə təsadüfən Hüqonun ana, qadın haqda bir şeirini
oxuyub, Cəfər Cabbarlının “Ana” şeirinə məzmunca çox
bənzətdim.
- 2018-ci ildə yaşayırıq. Bu gündən sonra yeni nə düşünmək olar
ki? Hər şey yazılıb, bütün sözlər deyilib. Bu hətta dəb trendində
də dəyişmir. Bu gün Hamleti oxuyan aktyor özündən nə yenilik əlavə
edə bilər? Etsə də bu unudulmuş köhnə bir element olacaq. Sadəcə öz
ruhumuzdan pay qoyuruq, bu qədər...