Asif Nərimanlı
Amerikanın Paşinyan Ermənistanı ilə Rusiyanı cənubdan mühasirəyə
almaq gedişindən sonra rusların Qafqaz ekspedisiyası yenidən
başladı. Və Moskva bölgədə dayaq olaraq söykənə biləcəyi sütunun
Bakı olduğunu açıq şəkildə dilə gətirdi. İndiki situasiyada
bölgədəki siyasi tarazlıq Azərbaycanın xeyrinə görünür, hər halda
tarix boyu Ermənistanı “qucağında daşıyan” Rusiyanı bu vəziyyətdə
yaxalamaq ələ düşməz fürsətdir. Bakı rahatlıqla şərtlərini
Moskvanın önünə sürə bilər...

Azərbaycan Prezidentinin Soçi səfəri və rusiyalı həmkarı ilə
keçirilən görüş, xüsusilə bağlı qapılar arxasında aparılan
müzakirələr, bölgədə dəyişən şərtlər, Bakının yaranmış fürsəti
qazanca çevirmək gedişləri, ruslarınsa yeni şərtlərdə daha az itki
ilə çıxmaq planları proseslərə işıq tutur.
Soçi görüşünə iki kontekstdən baxmaq olar: Moskvanın iki istəyi;
Bakının şərtləri;
MOSKVANIN BİRİNCİ İSTƏYİ: Rusiya prezidenti
Vladimir Putinin iyunun 14-də futbol üzrə dünya çempionatının
Moskvada keçirilən açılış mərasimində iştirak edən Prezident İlham
Əliyevə “qarşıda sizinlə ətraflı müzakirələrimiz olacaq” deyərək,
Soçi görüşünə işarə etməsi həmin mərasimdə iştirak edən Paşinyana
incə mesaj olmaqla yanaşı, Bakı və Moskva arasında diplomatik
kanallar üzərindən müzakirələrin aparıldığını da göstərirdi.
Rusların nə istədiyini anlamaq üçün Moskvadakı mərasimdən 8 gün
öncə - iyunun 6-da keçirilən MDB dövlətlərinin müdafiə nazirlərinin
iclasına və Rusiya müdafiə naziri Sergey Şoyqunun MDB ölkələrinə
Suriyanın birgə bərpa edilməsi təklifinə baxmaq lazımdır.
“Suriyada dinc həyatının qaydaya salınmasında iştirak etmək
təklifi ilə sizə müraciət edirəm. Ərazinin minalardan təmizləməsi,
təhlükəsiz zonalarda nəzarət üçün birgə patrul xidməti, humanitar
yardımın göstərilməsi, infrastrukturun bərpası və sair. Sizin
dəstəyinizə bel bağlayırıq. Bu, beynəlxalq terrorizmlə mübarizədə
və ümumi təhlükəsizliyin təminatında bizim birliyimizi nümayiş
etdirərdi”, - Moskva Şoyqunun dili ilə MDB ölkələrinə təklif
irəli sürür.
Rusiya MDB ölkələrindən ordu istəmir, sadəcə olaraq, humanitar
yardımda birlikdə hərəkət etməyi təklif edir və beləliklə, Suriya
cəbhəsində öz çevrəsini daha sıx tutmağı düşünür. Bu cəbhədə
Azərbaycanı da yanında görmək Moskva üçün həm gücünü artırmaq, həm
də Cənubi Qafqazda dəyişən regional tarazlığı öz xeyrinə
dəyişdirmək olardı. Və böyük ehtimalla Soçi görüşündə Putin İlham
Əliyevdən bunu istəyib.
Azərbaycan rəhbərliyi dünya güclərinin toqquşduğu Suriya cəbhəsinə
daxil olmağın gələcək üçün yaxşı heç nə vəd etmədiyini anlayır.
Lakin siyasi şərtlər imkan verirsə, prosesdən qazanclı çıxmaq
perspektivi də gözardı edilməməlidir.
Və güman ki, bu məsələdə Bakı və Ankaranın birgə STRATEJİ
PLANI dövriyyəyə girib:
- Türkiyə Suriyada Əsəd rejimini qəbul etmir, lakin Rusiya və
İranla eyni cəbhədən çıxış etməsi onun daim Əsəd paradoksu ilə
qarşılaşmasına səbəb olur. Hərçənd, Əsədi qəbul etmək lap əvvəldən
Ankaranın regional maraqlarına uyğun idi, amma bir NATO ölkəsi
olaraq Türkiyənin bu məsələdə seçim şansı azdır. Bu baxımdan,
Ankara Rusiya və İranla birgə hərəkət etsə də, Qərbin ümumi
cizgilərini keçməməyə çalışır. Belə bir situasiyada Azərbaycanın
Rusiyanın Suriyadakı “humanitar missiyası”nda yer alması Ankara
üçün bəzi nüanslarda toqquşduğu, lakin toqquşmaqda maraqlı olmadığı
Rusiya cəbhəsinə lazımi məqamda işə yarayacaq körpü ola bilər. Bakı
və Ankaranın Soçi görüşündən öncə bu məsələdə birgə
məsləhətləşmələr apardığı şübhəsizdir. Azərbaycan liderinin Soçi
səfərindən öncə Türkiyə Böyük Millət Məclisinin sədri, Ərdoğan
hökumətində əsas şəxslərdən olan Binəli Yıldırımın avqustun 28-də
Bakı səfəri nə qədər təsadüf ola bilərdi?! Azərbaycan və Türkiyə
münasibətləri hazırda elə bir səviyyədədir ki, bir çox məsələni
telefon üzərindən də müzakirə edib həll etmək olar. Deməli,
Yıldırımın Bakıya gəlişi daha ciddi və strateji məsələnin üzbəüz
müzakirə edilməsi zərurətindən irəli gəlirdi və böyük ehtimalla
Putinlə görüşdən öncə Azərbaycan və Türkiyə rəhbərliyi məsələni
detallarına qədər müzakirə ediblər. Rusiyaya müsbət cavab vermək
olar, təbii ki, Bakının şərtləri qəbul edilərsə...
BAKININ ŞƏRTLƏRİ: Azərbaycan Suriya cəbhəsinə yer
ala bilər, bu, Bakı-Ankara cütlüyünün strateji planlarına uyğundur,
lakin əvəzində nə alacaq?! Azərbaycan lideri yaranmış bu şəraiti
fürsətə çevirmək və Dağlıq Qarabağ məsələsini həll etmək istəyir;
Paşinyanın İrəvanda siyasi Olimpə yüksəlişindən sonra alt-üst olan
Rusiya-Ermənistan münasibətləri fonunda da Moskvanın Qarabağ
məsələsində Bakının mövqeyindən çıxış etməsi ehtimalı tərəzinin
gözünə ağırlıq edir; bununla yanaşı, Azərbaycan, Rusiya və
Ermənistan prezidentlərinin 2016-cı ilin 20 iyununda
Sankt-Peterburqda keçirilən görüşündə əldə olunmuş razılaşmaların -
əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə
baxılır; dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın
müvəqqəti statusu müəyyənləşdirilir; qaçqınların geri qayıdışı
təmin olunur; ən sonda statusla bağlı referendum
keçirilir; - yerinə yetirilməməsi rusların
diplomatiyasının şübhə altına alınması deməkdir ki, Bakı məhz bu
amilləri Moskvanın önünə sürərək, maraqlarının təmin olunması
gedişləri edir;
MOSKVANIN İKİNCİ İSTƏYİ: Rusiya Azərbaycanın təkcə
“humanitar missiya”da iştirakı ilə qane olmur, bu, vitrinin görünən
hissəsidir, daha da irəli gedərək, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) üzvü olmasını, ən azından təşkilatda
müşahidəçi statusunda təmsilçiliyini istəyir. Bu, Rusiyaya uzaq
perspektivdə Gürcüstan üzərindən cənub sərhədlərinə qədər gəlib
çıxan, Ermənistanla prosesi daha da genişləndirməyi planlaşdıran
NATO qarşısında “Putin NATO-su”nu gücləndirmək imkanı verə bilər.
Yaxın perspektivdə isə bu məsələnin gündəmə gətirilməsi
Ermənistanın yeni rəhbərliyi üçün mesaj rolunu oynayır. Çünki
Moskva Qafqazda bir itki ilə bir qazancı istəmir, Qərb qarşısında
2:1 önə keçməyi planlaşdırır. Yəni Azərbaycanı yanında görmək
istəyir, lakin buna Ermənistanın itirilməsi hesabına nail olmağı
qəbul etmir. Buna görə də Azərbaycanı Ermənistanın yeni
rəhbərliyinə qarşı kart olaraq irəli sürür. Rusların son 20 ildən
artıq müddətdə regionda apardığı siyasətin mahiyyəti dəyişməyib,
lakin artıq şərtlər əvvəlki şərtlər deyil və Ermənistanın rusların
forpostu olmaqdan çıxmaq təhlükəsi yaranıb. Bu, Azərbaycanın
əhəmiyyətini ikiqat artırır. Lakin Paşinyanın sentyabrın 8-də
Moskvaya gedərək Putinin hüzuruna çıxması və onu əməkdaşlıqda
maraqlı olduğuna inandırmaq cəhdləri rusların yaxın perspektiv
planının baş tutduğu fikrini gücləndirir.
Burada Azərbaycanın itirəcəyi böyük nələrsə yoxdur. Ermənistan
onsuz da əvvəldən rusların oylağı olub və bu gün bu vəziyyət
dəyişməsə belə ciddi problem olmayacaq. Sadəcə olaraq, mövcud
situasiya Bakıya öz şərtlərini irəli sürmək deyil, diktə etmək
imkanı verir. Bakının şərtlərini rusların qəbul etdiyi ehtimalı
böyükdür. Putinin sentyabrın 25-də Azərbaycan torpaqlarına səfər
etməyə hazırlaşması da bu ehtimalı gücləndirir. Hər-halda Rusiya
liderini Kremlin divarlarını tərk etməyinə səbəb olan amillər kiçik
deyil və Putin Bakıya qədər gəlməyi planlaşdırırsa, deməli,
Moskvanın bizdən istəkləri var və bu, Azərbaycan üçün şərtlərini
qəbul etdirmək imkanı yaradır.
Hərçənd, burada Moskvanın yeni planının təhlükəli tərəfləri də
diqqətdən yayınmır.
Rusların yeni ekspedisiyası: Moskva Azərbaycanın
KTMT-da hər-hansı formada təmsilçiliyinə nail olmaqla Dağlıq
Qarabağ münaqişəsini təşkilatın daxili məsələsinə çevirməyi
planlaşdırır; Bu, ruslara həm Paşinyan hakimiyyətini cilovlamağa
(Paşinyan Putinə boyun əyir, amma ruslar bunun manevr olduğunu
anlayırlar), həm də Qərbin (ABŞ) münaqişə üzərindən regiona açılmaq
gedişlərinin qarşısını almağa imkan yarada bilər;
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və
həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikovun
bir neçə gün öncə “Minsk qrupu Dağlıq Qarabağ
problemini həll edə bilməz. Münaqişəni yalnız Azərbaycan, Rusiya və
Ermənistan liderləri həll edə bilər” açıqlaması da bu
planın ictimai rəyə ötürülməsinin başlanğıcı hesab oluna bilər.
Bu açıqlama Rusiyanın Qarabağı daxili məsələyə çevirmək və Minsk
qrupunu sıradan çıxarmaq planının mövcudluğuna şübhə yeri qoymur.
Hərçənd, mövcud şərtlərdə Bakı-Moskva xəttində baş verənlər nə
qədər ürəkaçan olsa da, bunun Azərbaycan üçün tamamilə müsbət
perspektiv vəd etdiyini düşünmək də çətindir.
a) Azərbaycan KTMT-də təmsil olunarsa, bu təşkilat
daxilindəki Qazaxıstan, Belarus kimi müttəfiqlərinin dəstəyi ilə
həll planını özü yaza və Ermənistanın imzalamasına nail ola
bilər.
b) KTMT-də əsas söz sahibi Rusiyadır və bu
münaqişənin uzun illər ərzində Moskvanın əlində rıçaq olması
rusların problemin tam şəkildə bizim maraqlarımıza uyğun həllinə
imkan verəcəyi şübhəli görünür. Və o da şübhəsizdir ki, Rusiya
Qarabağa sülhməramlı adı altında KTMT qüvvələrini yerləşdirmək
niyyəti güdür.
Bu, yaxşı və o qədər də yaxşı olmayan ssenarilər Rusiyanın yeni
Qafqaz ekspedisiyasına ehtiyatla yanaşmağı vadar edir.