“Şagirdlərin birinci sinfə qəbul prosesində müsahibə üsulunun aradan qaldırılması rus bölməsində problemlər yaradıb”.
Publika.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva rus bölməsi üzrə sıxlığın müşahidə edilməsinin səbəblərindən danışarkən deyib.
M.Vəliyeva bildirib ki, bu problemin həlli ilə bağlı Təhsil Nazirliyi qarşısında məsələ qaldırılacaq:
“Müsahibə mərhələsinin aradan qaldırılması rus bölməsinə marağı artırıb. Əvvəlki illərdə müsahibə yolu ilə qəbul edilərkən uşaqların rus dilində danışmağı bacarması tələb kimi irəli sürülürdü. Lakin artıq belə bir tələb yoxdur, ona görə də dili bilməyən uşaqlar da rus bölməsi üzrə birinci sinfə qəbul edilir. Bu da sıxlığa səbəb olur. Təbii ki, bu, bizi də narahat edən məsələdir. Gələcək illərdə bununla bağlı müvafiq addımların atılması ilə bağlı Təhsil Nazirliyi qarşısında təkliflə çıxış edəcəyik.
Nazir müavini bildirib ki, rus bölməsində əlavə siniflərin açılmamasının əsas səbəbi kadr çatışmazlığı ilə bağlıdır:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə 273 ibtidai sinif müəlliminə ehtiyac var. İbtidai sinif mərhələsində kadr təminatı problem tam həll etmir. Çünki kadr çatışmazlığı ümumi orta təhsil və tam orta təhsil səviyyəsində də özünü göstərir. Yaxın gələcəkdə kadr təminatı məsələsi öz həllini tapmazsa, yəqin ki, rus bölməsi üzrə əlavə siniflərin açılması barədə heç bir dəyişikliyin olması gözlənilmir”.
Gülxar