“Artıq Məhərrəmlik ayı başlayır və Aşura günü ayın 20-nə düşür. Hər il olduğu kimi bu il də Kərbəla şəhidlərinin xatirəsi hörmətlə anılacaq. İnsanlarımız könüllü şəkildə, istəyərək bu mərasimlərə qatılır və İmam Hüseynin, onun Əhli-Beytinin Kərbəlada yaşadığı müsibətlərə matəm saxlayırlar”.
Bu sözləri Publika.az-a din xadimi Hacı İlham Məhərrəmlik ayı haqqında danışarkən deyib. Onun sözlərinə görə, din xadimləri bu məsələ ilə bağlı vətəndaşları maarifləndirməlidirlər. Son illərdə isə bu mərasimlərdə zəncir vurmaq, baş yarmaq kimi davranışlar müşahidə edilmir:
“Ümumiyyətlə, bu ərəfələrdə insanlar qəlbən İmam Hüseyn və onun Əhli-Beytinin yaşadıqlarına kədərlənir və onu qəlbən hiss edirlər. İmam Hüseyn mərasimində hər bir insanın qəlbindəki kədər, sıxıntı, ağrı-acılar göz yaşları ilə axır gedir. Məscidlərdə din xadimləri xütbələr oxuyur, Xocalı faciəsində dünyasını dəyişmiş, şəhid olmuş insanlar yad edilir, Qarabağda şəhid olan həmyerlilərimizi yad edirik. Eyni zamanda, bu dəfə qərara gəlmişik ki, Xocalıdan olan şəhid ailələrini mərasimə dəvət edək və onlar bu mərasimdə öz sözlərini desinlər. Demək olar ki, Aşura simasında Kərbəla hadisələri ilə yanaşı, bütün şəhidlərimizi hörmətlə xatırlayırıq. Ümumiyyətlə, zəncir vurmaq, baş yarmaq Bakıda müşahidə edilmir. Məscidlərdə buna qarşı tədbirlər görülür. Bəzən görürsüz bölgələrdə, insanlar öz həyətlərində bu cür əzadarlıq nümayiş etdirirlər ki, buna da biz müdaxilə edə bilmərik. Birmənali şəkildə insanlar gəlir mərsiyə oxuyur, ifrat dərəcəyə çatdırmamaq şərtilə sinə vururlar ki, bu normaldır. Əzadarlığın da öz qaydaları, norması, çərçivəsi var. Bu matəm şəriətə ehtiram əlaməti kimi qiymətləndirilir. Ehtiram əlaməti kimi bu ərəfələrdə toy şənlikləri olmur, şadyanalıq keçirilmir və insanlar Kərbəla şəhidlərinə matəm tutur. Qafqaz Müsəlmanlar İdarəsi bununla bağlı fətva verib. Fətvada qeyd edilir ki, qurşaqdan aşağı soyunmaq, özünə xəsarət yetirmək, zəncir vurmaq olmaz. Biz bunun yerinə qanvermə aksiyasına qoşulmağı təklif etmişik. Artıq bunu digər müsəlman ölkələri də bizdən götürərək tətbiq edir. Mahiyyət etibarilə Kərbəla şəhidlərinin xatirəsinə hörmət aləməti olaraq, insanların bir-biri ilə yardımlaşması çox gözəl davranışdır. Tövsiyə edirik ki, vətəndaşlar həmin gün qanvermə aksiyaları təşkil edilən ünvanlara yaxınlaşaraq xəstə, qana ehtiyacı olan insanlara yardım məqsədilə qan versinlər”.
Könül Cəfərli