Bakının qurtuluşunun 100 illiyinin hərbi paradla, təntənəli şəkildə keçirilməsi böyük hadisədir.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçısı, tarixçi alim Nəsiman Yaqublu deyib. O bildirib ki, bizim üçün 28 May istiqlalından sonra ikinci böyük hadisə 1918-ci sentyabrın 15-də Bakının azad edilməsidir:
“Bakının azad edilməsində türk qardaşlarımızın, Qafqaz İslam Ordusunun, bu ordunun komandanı Nuru Paşanın böyük fədakarlığı var. Qafqaz İslam Ordusunun fədakarlığı ilə Bakı şəhərinin alınması tariximizin böyük hadisəsidir. Hərbi paradın keçirilməsi bu baxımdan çox müsbət hadisədir. Çünki Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra Nuru Paşa indiki Qurd Qapısı ərazisindən başlayaraq, Bakı Dövlət Universitetinin ərazisi də daxil olmaqla, Biləcəri yoluna qədər olan böyük bir hissədə hərbi parad keçirdi. Bu parad həmin hərbi paradın davamıdır, varisidir.
Biz Nuru Paşaya Bakının gözəl yerində abidə qoymalıyıq. Bu da bizim onlara olan sayğımızın göstəricisi ola bilər. Çünki Nuru Paşa olmasaydı, biz Bakı şəhərini azad edə bilməzdik. Eyni zamanda, AXC də Bakıda fəaliyyətini davam etdirə bilməzdi”.
N.Yaqublu Məhəmməd Əmin Rəsulzadənin 1918-ci ildə türklərlə bağlı dediklərini də diqqətə çatdırıb:
“Rəsulzadə yazırdı ki, 1918-ci ilin 28 mayında dövlətimizi qurmuşuqsa, 15 sentyabrda bunu sözdən əmələ keçirmişik. Yəni Bakı işğaldan azad olunandan sonra bu mümkün olub. Rəsulzadə həmçinin vurğulayırdı ki, 28 May olmasaydı, 15 Sentyabr da olmayacaqdı, 15 Sentyabr olmasaydı, 28 May olmayacaqdı. Birincinin səbəbkarı biz, ikincinin isə Türkiyə türklərdir.
Gəncədən başlayaraq, Bakı, Göyçay, Hacıqabul, Şamaxı, Qobu, Ağsu və digər ərazilərin azad olunmasında 1000-dən çox türk əsgəri şəhid olub”.