Almaniya kansleri Angela Merkelin Bakıya səfəri və Prezident İlham Əliyevin Soçi görüşünün ardınca Xorvatiyaya səfər etməsi Azərbaycanın diplomatik münasibətlərinin çoxşaxəli inkişafında mühüm yer tutur.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Xorvatiyaya səfəri ilə bağlı danışan “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Avropa Birliyi ilə Azərbaycan arasında yeni anlaşmanın imzalanması gözlənilir:

“Avropa Birliyinin əsas ölkələri ilə Azərbaycan arasında çox yüksək səviyyəli ikitərəfli münasibətlər var. Fransa, İtaliya, Polşa, Bolqarıstan, Rumıniya, xüsusilə Almaniya ilə əlaqələr olduqca önəmlidir. Avropa Birliyi və NATO-nun fəal üzvü olan Xorvatiya ilə də siyasi və iqtisadi əlaqələrimiz daha yüksək səviyyəyə çatdırılacaq. Azərbaycan Avropa Birliyi ilə yanaşı, NATO ilə münasibətlərə də böyük önəm verir. Bakı NATO ölkəsi Xorvatiya ilə hərbi-siyasi əməkdaşlıqda maraqlıdır, bu istiqamətdə artıq müəyyən razılıqlar əldə edilib”.

Ekspert qeyd edib ki, Xorvatiyanın Azərbaycanın xarici siyasətində önəmli yeri var:

“Bildiyiniz kimi, Dağlıq Qarabağda olduğu kimi, Xorvatiyanın Krayna əyalətində də separatçılıq baş qaldırmış, orada qondarma dövlət yaradılmışdı. Lakin sonda bu problem həll olundu. O üzdən Zaqrebin təcrübəsi Bakı üçün mühüm önəm kəsb edir”.

Politoloqun sözlərinə görə, iki ölkə arasında iqtisadi sahələrdə də əməkdaşlıq gözlənilir: “Xorvatiyanın güclü dərman, maşınqayırma sənayesi mövcuddur, həmçinin bu ölkə turizm məkanıdır. Bu baxımdan Prezidentin Xorvatiyaya səfərinin hər iki ölkə üçün uğurlu nəticələri olacaq. Bir sözlə, Azərbaycanın çoxvektorlu xarici siyasəti öz bəhrəsini verir”.