Prezident İlham Əliyevin Xorvatiyaya səfəri başa çatdı. Bu səfər
Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə ikitərəfli münasibətlər
qurmaq siyasəti fonunda bu səfər əhəmiyyətli idi.
Sənədlərin imzalanması

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Xorvatiya
prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə geniş
tərkibdə görüş keçirilib. Daha sonra Azərbaycan-Xorvatiya
sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət
Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni
əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər
naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət
naziri xanım Nina Obuljen Korzinek imzalayıblar. “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının
Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya
Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım
Mariya Vuçikoviç imzalayıblar.
Liderlərin çıxışı
Sonra hər iki ölkənin rəhbəri mətbuata bəyanatlarla çıxış
ediblər.
Prezident İlham Əliyev bildirib ki, Xorvatiya və Azərbaycan sözün
əsl mənasında strateji tərəfdaşlardır.
“Bizim siyasi dialoqumuz çox fəal aparılır... Strateji tərəfdaşlıq
əlaqələrimiz genişlənir, güclənir...Bizim energetika sahəsində
əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin
icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı
olmuşdur. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər
3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın
nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd
seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin
mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında
isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm
ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa
məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə
növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da
böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər. Əlbəttə ki,
Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il
ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları
keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil
olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da
imzalanmışdır.
İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli
danışıqlar aparılmaqdadır”, - Azərbaycan lideri vurğulayıb.

Xanım prezident Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, Azərbaycan
və Xorvatiya əsl dostdur: “Biz bir-birimizi Avropa İttifaqı
çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı
ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə
bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə
sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. İqtisadi
əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı
komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr
irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir... Xorvatiya
gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir.
Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox
ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak
edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə
çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk
adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu,
Azərbaycanın enerji bazarlarına çıxışını daha da
genişləndirəcək”.
Bakının Balkan açılımı
Liderlərin də vurğuladığı kimi ikitərəfli münasibətlər yüksək
səviyyədədir. Lakin Prezident İlham Əliyevin Xorvatiyaya səfəri
Balkanlara açılım kimi də dəyərləndirmək olar. Balkanlar dünyanın
ən qarmaqarışıq, eyni zamanda, strateji bölgələrindəndir. Bu
bölgədə əlaqələrə sahib olmaq Azərbaycanın xarici strategiyası
baxımından mühümdür.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissəsi olan TANAP-ın
açılışı keçirilib, hazırda TAP-ın tikintisi uğurla aparılır. Bakı
gələcəkdə Balkanların da qaz bazarına girməyi planlaşdırır.
Azərbaycan liderinin Xorvatiyaya səfəri də məhz bu kontekstdə
diqqət çəkir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Prezident
İlham Əliyevin Xorvatiyaya səfəri Azərbaycanın Avropanın aparıcı
ölkələrindən biri ilə münasibətlərinin daha da inkişaf
etdirilməsinin ifadəsidir.

“Xorvatiya ilə Azərbaycan arasında demək olar ki, bütün sahələrdə
əməkdaşlıq mövcuddur. İki ölkə beynəlxalq platformalarda da
bir-birini müdafiə edirlər. Xorvatiya Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən, müdafiə edən ölkələrdən biridir. Prezident
İlham Əliyevin Xorvatiya səfəri Avropada Azərbaycanın daha bir
böyük dostunun olduğunu göstərdi. Bu səfərdən sonra iki dövlət
arasında əlaqələrin daha da inkişaf edəcəyinə şübhə yoxdur.
Xorvatiya-Azərbaycan münasibətləri bundan sonra da bütün
istiqamətlər üzrə inkişaf edəcək”, - deyə A. Mirzəzadə
vurğulayıb.
Publika.az