Gürcüstan ilə Azərbaycan strateji tərəfdaşdırlar və birlikdə tarixi əhəmiyyətli layihələr həyata keçirirlər.
Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 29-da keçirdiyi brifinqdə söyləyib. Bildirib ki, Azərbaycana avqustun 30-da nəzərdə tutulmuş səfəri çərçivəsində bir sıra vacib məsələlər müzakirə olunacaq.
Hökumət başçısı deyib: “Bakıya səfərim zamanı biz regional əməkdaşlıq sahəsində yeni istiqamətləri, həmçinin ticari münasibətlərin daha da genişləndirilməsi, sərmayə qoyuluşu və digər sahələr üçün yeni təşəbbüsləri nəzərdən keçirəcəyik. Bu, Gürcüstanın iqtisadi inkişafına müsbət təsir göstərəcək”.
Qeyd edək ki, M.Baxtadze avqustun 30-da Azərbaycana səfər edəcək. İki gün davam edəcək səfər çərçivəsində qonşu ölkənin hökumət başçısı Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.