Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı Amerikanın tələblərinə cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xarici siyasət idarəsinin başçısı ölkənin hava məkanını qorumağa borclu olduqlarını bildirib.

“Biz hava məkanımızı qorumağa borcluyuq. Bu bizim borcumuzdur. Və onlar bunu dərk etməlidir. ABŞ "Patriot" raket komplekslərinin satışı ilə bağlı bizə təminat verə bilərmi?" – o deyib.

Mövlud Cavuşoğlu həmçinin ABŞ-ın F-35 təyyarələrinin Türkiyəyə satışını istəmədiyini də xatırladıb. XİN başçısı qeyd edib ki, əgər Ağ Ev iki ölkənin münasibətlərində diplomatik böhranı həll etmək istəyirsə, hədə-qorxu dilindən imtina etməlidir.

“Əgər onlar deyirlərsə ki, kovboylar haqqında filmlərdə olduğu kimi ağıllarına gələn hər şeyi edə bilərlər, o halda cavabı alacaqlar”, - Çavuşoğlu əlavə edib.

Daha əvvəl ABŞ-ın müdafiə naziri Ceyms Mettis çərşənbə axşamı bəyan edib ki, ABŞ Türkiyəyə С-400 raket kompleksini almağı məsləhət görmür. Bununla belə o, bu məsələni Ankaranın suveren hüququ adlandırıb.

“Bu barədə qərar vermək Türkiyənin suveren hüququdur. Amma Rusiya sistemlərini NATO-nun sistemləri ilə birləşdirə bilmərik. Bəli, bu bizi narahat edir və biz bunu məsləhət görmürük”, - Pentaqon başçısı deyib.

Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib.

ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.

“Rosoboroneksport” S-400 üzrə müqavilənin icrasına 2019-cu ildə başlamağı planlaşdırır.

Xatırladaq ki, avqustun 13-də ABŞ prezidenti 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib. Müdafiə büdcəsi layihəsinə F-35 beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib.

Büdcə layihəsinə görə, Türkiyənin F-35 proqramından tamamilə çıxarılıb-çıxarılmayacağı barədə yekun rəyin yer alacağı hesabat tamamlanana qədər qırıcıların çatdırılması təxirə salınacaq. ABŞ-ın Müdafiə Nazirliyi Dövlət Departamenti ilə məsləhətləşərək 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamalıdır. Hesabatda Türkiyənin F-35 proqramından çıxarılmasının iki ölkə arasındakı münasibətlərə və ABŞ sənayesinə təsiri qiymətləndiriləcək.

Türkiyəyə F-35-lərin çatdırılmasının təxirə salınmasına səbəb olaraq Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və amerikalı rahib Endyu Branson da olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə saxlanılması göstərilir.

Qeyd edək ki, F-16 vǝ F-18 kimi döyüş təyyarələrindən dörd qat daha təsirli olduğu bildirilǝn F-35-lǝrin həm havadan havaya, həm də havadan quruya hücum qabiliyyəti var. Radara yaxalanmama xüsusiyyətinə malik yeni nəsil təyyarələrin 1990-ci ildə dizaynı hazırlanıb, sonra isǝ ABŞ və İngiltərənin rəhbərlik etdiyi konsorsium tərəfindən istehsal edilib.

Türkiyənin 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları isə Kanada, Avstraliya, Kanada, Danimarka, İtaliya, Hollandiya, Norvç, İngiltərə və Almaniyadır. İsrail, Yaponiya və Cənubi Koreya da konsorsiumun təyyarələrindən alacaq.