Taliban hərəkatı sülh danışıqlarına hazır olduğunu nümayiş etdirərsə, Kabil Moskva və ya başqa yerdə keçiriləcək danışıqlarda iştirak edəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Daha əvvəl Talibanın nümayəndəsinə istinadən “Röyters” agentliyi bildirdi ki, hərəkatın nümayəndələri Əfqanıstan üzrə danışıqlarda iştirak etmək üzrə dəvəti qəbul ediblər. Danışıqların sentyabrın 4-də Moskvada keçirilməsi nəzərdə tutulur.
Rusiyanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Əfqanıstan üzrə “Moskva formatı”nda konsultasiyalara ABŞ da daxil olmaqla, 12 dövlət dəvət edilib. Bundan başqa, iclasa Talibanın Dohadakı siyasi ofisinin rəhbərliyi dəvət edilib.
Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Moskvada Əfqanıstan üzrə görüşdə iştirak etməyəcək, çünki belə formatı effektiv hesab etmir.