Bakı, 22 aprel, AZƏRTAC 
Moskvada “Yasnaya polyana” ədəbi mükafatının ekspertləri yeni “Xarici ədəbiyyat” nominasiyasının siyahısını elan ediblər. Buraya 33 xarici müəllifin əsərləri daxildir. Bu nominasiyada laureat kitab tərcüməçisi də qeyd olunacaq.
Rusiya Federasiyası Prezidentinin mədəniyyət üzrə müşaviri, həmçinin əvəzçilik üzrə “Yasnaya polyana” müsabiqəsinin münsiflər heyətinin sədri Vladimir Tolstoy jurnalistlərə verdiyi müsahibədə deyib: “Əslində mükafatımız beynəlxalq mükafata çevrilib və biz müsabiqə proqramımızda ilk dəfə olaraq yeni “Xarici ədəbiyyat” nominasiyasının kifayət qədər uzun siyahısını elan etməyimizdən məmnunuq. İndi münsiflər heyətinin üzvləri qarşısında bu siyahıda bir ən yaxşı xarici əsəri seçmək kimi maraqlı və eyni zamanda çətin bir vəzifə durur”.
İlk dəfə olaraq “Yasnaya polyana” müsabiqəsində xarici müəllifə Rusiyanın ədəbi mükafatı təqdim olunacaq. “Xarici ədəbiyyat” nominasiyasının uzun siyahısına 12 ölkənin xarici müəlliflərinin kitabları daxil edilib. Yeni nominasiyanın mükafat fondu iki hissədən ibarətdir: 1 milyon rubl məbləğində bir mükafat qalib əsərin müəllifi olan xarici yazıçıya təqdim ediləcək, 200 min rubl məbləğində ikinci mükafatı isə bu kitabı rus dilinə çevirmiş tərcüməçi alacaq. Mükafatın laureatları cari ilin oktyabrında elan ediləcək. 2003-cü ildən başlayaraq hər il “Yasnaya polyana” Ümumrusiya ədəbi mükafatı təqdim olunur.
Məşhur yazıçının nəticəsi olan Vladimir İliç Tolstoyun rəhbərlik etdiyi münsiflər heyətinə ictimai xadimlər, ədəbi tənqidçilər və Rusiya yazıçıları daxildirlər. Mükafat “Uşaqlıq. İlk gənclik. Gənclik”, “XXI əsr”, “Müasir klassika” nominasiyalarında, “Oxucuların seçimi” xüsusi nominasiyasında bədii əsərlərə görə mükafat təqdim edilir, bu il isə yeni – “Xarici ədəbiyyat” nominasiyası əlavə olunub. Cari ildə ümumi mükafat fondu 7 milyon rubladək artırılıb.