Banklardan manatla kredit götürmək müşkülə çevrilib. Kreditlər müştərilərə ancaq dollarla təklif olunur
Manatın devalvasiyasından sonra banklardan kredit götürmək müşkülə çevrilib. Məsələ təkcə pulun miqdarı ilə bağlı deyil, həm də kreditlərin milli valyuta ilə verilməməsindədir. Dollar kəllə-çarxa çıxandan sonra banklar müştərilərinə yalnız bu valyuta ilə kredit təklif edirlər. Telefonla apardığımız araşdırmadan sonra əksər banklarda analoji vəziyyətin hökm sürdüyünün şahidi olduq.
 
Dolların manata nisbətən məzənnəsini nəzərə alsaq, maaşını manatla alan vətəndaşın dollarla götürdüyü kreditin ödənişi zamanı uğradığı ziyanın miqyasını təsəvvür etmək elə də çətin deyil.
  
Maraqlıdır, bankların bu aşkar soyğunçuluğuna niyə rəvac verilir?
 
Onsuz da, banklarla ömürlük “izdivaca” girmiş vətəndaşların daha da borclanmasına niyə zəmin yaradılır?
Ümumiyyətlə, bankların kredit məsələsində valyuta seçiminə qanunvericiliklə hər hansı tələb, öhdəlik müəyyənləşdirilibmi?
 
Müştərinin seçimi bu məsələdə niyə nəzərə alınmır?
 
Suallarımızla əvvəlcə Mərkəzi Bankın qapısını döydük. Milli.Az-ın ünvanladığı sorğuya cavab çox qısa oldu:


 
“Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib.
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər”.
 
Anlaşılan odur ki, banklarına insafına möhtac edilmişik, əgər insaf adına bir şey qalıbsa...
 
Məsələ ilə bağlı Milli.Az-a danışan iqtisadçı ekspert Samir Əliyev də bankların kredit zamanı valyutada seçiminin özlərinə aid olduğunu dedi:



"Azərbaycanda bankların fəaliyyəti əvvəlcə Mülki Məcəlləyə, daha sonra bank qanunvericiliyinə əsaslanır. Azərbaycan qanunvericiliyi istər əmanət cəlbində, istər kredit qoyuluşunda xarici valyutayla kredit verilməsini qadağan etmir.
 
Doğrudur, Mülkü Məcəllənin 439-cu maddəsinə görə Azərbaycanda ödəniş manatla aparılır və borc öhdəliyi manatla ifadə olunur. Bu, o deməkdir ki, kredit dollarla verilə bilər, lakin bu manatla ifadə olunmalıdır. Məsələn, 1000 dollar pul verilsə, təxminən1052 manatla ekvivalenti hesablanmalıdır. Yəni, bankların hansı valyutada kredit verməsi seçimi özlərinə aiddir. Onlar istər manatla, istərsə də dollarla kredit verə bilərlər".
 
İqtisadçı ekspertin fikrinə görə, bu uzunmüddətli xarakter daşımamalıdır: "Ola bilər bank maliyyə vəziyyətinə görə və ya hansısa səbəbdən bir müddət manatla kredit verə bilmir, bir müddət bunu dayandırır. Qanunvericilik buna imkan verir. Lakin bank elan etsə ki, bir daha manatla kredit verməyəcək. Bu zaman qanunvercilik də buna icazə verməyəcək”.
 
S.Əliyev deyir ki, bu gün bankların manat qıtlığı var, ona görə də əmanətlər kütləvi şəkildə dollara çevrilir. “Çünki bank krediti vermək üçün əmanətdən istifadə edir. Əmanəti ona görə götürür ki, həmin pulu kredit şəklində verib pul qazansın, həm bizə təklif etdiyi faizi qaytara bilsin, həm də özü pul qazana bilsin. Bu baxımdan əmanətlərin dollara çevrilməsi özülüyündə bankların işini çətinləşdirir. Digər tərəfdən Mərkəzi Bank devalvasiya ərəfəsi bazara dollar çıxardı. Təxminən 4 milyarda qədər Mərkəzi Bankın valyuta ehtiyatı azaldı.
 
Mərkəzi Bank bazardan aldığı manatı özünə saxlayır. Bu gün statistikaya baxsaq, pul bazasının azaldığını görəcəyik. O cümlədən nağd pul azalıb. Bu da manat qıtlığının yaranmasına səbəb olur. Mərkəzi Bank da banklara manat dəstəyi vermir. Mərkəzi Bank banklara kredit şəklində manat dəstəyi verməlidir ki, banklar da həmin manatı bazara yönəltsin. Çünki bank xaricdən dollarla pul götürür. Yenidən devalvasiya olsa, həm bank, həm də vətəndaşlar bundan zərər çəkəcək. Bu baxımdan ona sərf etmir də deyə bilərik".
 
Əfqanə Məzahirqızı
Milli.Az