"Səfər oyunları həmişə çətin olur. Bugünki matç da istisna deyil. Başlanğıc istədiyimiz kimi alınmasa da, tədricən nəzarəti ələ aldıq. Rahat oynadıq və 3 xalı hesabımıza yazdıq. Bu cür də davam etməliyik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Miçel Madeyra Azərbaycan Premyer Liqasının II turunda "Səbail" üzərində 2:0 hesablı qələbədən sonra deyib.

- Çempionlar Liqasında mübarizəni dayandırandan sonra çempionat oyununa hazırlaşmaq nə dərəcədə çətin idi?

- Futbolun qanundur - yıxılırsansa, qalxmağı da bacarmalısan. Nəzər alaq ki, bu il Çempionlar Liqasının reqlamenti daha çətindir. Son mərhələlərdə rəqiblərin səviyyəsi daha yüksəkdir. İrəli baxmalıyıq. Hələ qarşıda digər yarışlar var. Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə qarşılaşacağıq.

- Matçın gedişində yerdə qaldınız. Zədəniz ciddidir?

- Zədəm diz nahiyyəsindən idi. Toqquşdum. Ciddi zədə deyil. Yerində bir az ağrı hiss edirəm. Keçib gedər.

- "Şerif"lə oyunlar barədə nə deyə bilərsiniz?

- Ötənilki kimi çətin olacaq. Qarşıda çətin rəqib olsa da, çox istəkliyik. İlk matç səfərdədir. Görək baş məşqçimiz bizə nələri deyəcək, hansı göstərişləri verəcək. Özümüzü yerdə hiss etməliyik, göylərdə uçmamalıyıq.

- Çempionlar Liqasının qrupuna düşməməyi uğursuzluq sayırsınız?

- Elə dediniz ki, sanki neçə illərdi Çempionlar Liqasının qrupunda oynayırıq və Avropa Liqasının qrupuna düşməyi uğur saymırsınız. Ötən il bunu bacardıq, bu il alınmadı. Amma Avropa Liqası Azərbaycan kimi ölkə üçün uğurlu yarış sayılmalıdır. Əvvəlcə "Şerif"ə qarşı oynamalıyıq. Qrupun püşkatmasında 2 və ya 3-cü səbətdə yer almağımız sonrakı məsələdir.

Milli.Az