[ 22 Aprel 2015 13:17 ]
Bakı. Ramiz Mikayıloğlu-APA. Səhiyyə Nazirliyinin Kollegiyası “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nı təsdiqləyib.
APA-nın məlumatına görə, bu Qaydalar radiorabitə, 3-30 MHz tezlikli həvəskar radiorabitəsi, radio yayım, televiziya və radiolokasiya ötürücü radiotexniki obyektlərin yaratdığı radiotezlik diapazonlu elektromaqnit sahələrinin insan sağlamlığına göstərdiyi mənfi təsirinin qarşısının alınmasına yönəldilir.
Sanitariya qaydaları Azərbaycanın bütün ərazisində qüvvədədir və 30 kHz-300 GHz tezlik diapazonunda işləyən stasionar, o cümlədən xüsusi sınaq poliqonlarında yerləşən, ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair gigiyenik tələbləri müəyyən edir, habelə nəqliyyat vasitələrində (hava nəqliyyatı, dəniz və çay gəmiləri, qatarlar) quraşdırılmış daimi və ya müvəqqəti dayanacaqlarda istismar edilən ötürücü radiotexniki obyektlərə şamil edilir. Sanitariya qaydalarının tələbləri yerdə hərəkət edən radiorabitə vasitələrinə, o cümlədən hərəkət edən obyektlərdə yerləşdirilmiş peyk rabitəsinin abonent terminallarına, hava və su radiorabitəsi vasitələrinə şamil edilmir. Ötürücü radiotexniki obyektlərin avadanlıqlarının yaşayış və qeyri-yaşayış binalarının daxilində yaratdığı 50 Hz tezlikli elektrik və maqnit sahələrinin gərginlik səviyyələri əhali üçün təyin olunan yol verilən səviyyələrdən artıq olmamalıdır. Ötürücü radiotexniki obyektlərin xidmət personalı istisna olmaqla digər insanların girişinin qadağan olduğu sahələrdə (çardaqlarda) elektromaqnit sahələrin istehsalat şəraitində olan təsirlərinə dair tələblər gözlənilməlidir. Ötürücü radiotexniki obyektlərin quraşdırılması, yenidənqurulması, texniki gücləndirilməsi və genişləndirilməsinə dair layihə sənədlərinin təsdiqinə, quraşdırılmış və yenidənqurulmuş obyektin istismara verilməsinə yalnız onların hazırkı sanitariya qaydalarına uyğunluğu barədə sanitariya-epidemioloji rəylərinin olduğu halda yol verilir.
Effektiv şüalanma gücü 100-1000 Vt olan 3-30 MHz diapazonlu radiohəvəskar radiostansiyalarının və 26,5-27,5 MHz tezlikli mülki diapazonlu radiostansiyaların antenalarının yerləşdirilməsi halında antenanın quraşdırıldığı zonadan ən azı 10 metr məsafədə insanların girişinin məhdudlaşdırılması təmin edilməlidir. Binanın üstündə yerləşdirildikdə antena çardaqdan ən azı 1,5 metr hündürlükdə quraşdırılmalıdır, antenanın növündən və şüalanma istiqamətindən asılı olmayaraq onun istənilən nöqtəsindən qonşu tikililərlə ən azı 10 metr məsafənin saxlanılması təmin olunmalıdır. Effektiv şüalanma gücü 1000-5000 Vt olan radiohəvəskar və mülki diapazonlu radiostansiyaların antenalarının yerləşdirilməsi halında növündən və şüalanma istiqamətindən asılı olmayaraq onun istənilən nöqtəsindən ən azı 25 metr məsafədə insanların girişinin məhdudlaşdırılması və yaxınlıqda tikililərin olmaması şərti təmin edilməlidir. Binanın üstündə yerləşdirilən antena ən azı 5 metr hündürlükdə quraşdırılmalıdır. Ötürücü radiotexniki obyektin antenalarının (həmçinin radiohəvəskar radiostansiyalarının və mülki diapazonlu radiostansiyalarının) ayrıca dayaqlarda quraşdırılması tövsiyə olunur. Bu şərtlərə riayət edildikdə ötürücü antenaların yaşayış və qeyri-yaşayış binalarının çardaqlarında və digər yerlərdə yerləşdirilməsinə yol verilir.
Yaşayış ərazisində yerləşən 100 kVt artıq gücü olan ötürücü radiotexniki obyektlərin sanitariya mühafizə zonaları sanitariya-epidemioloji ekspertizanın nəticələri əsasında baş dövlət sanitariya həkimi və ya onun müavininin qərarı ilə müəyyənləşdirilir.
Dövlət sanitariya-epidemioloji nəzarət orqanları ilə razılaşdırılmadan ötürücü radiotexniki obyektlərin (həmçinin radiohəvəskar radiostansiyalarının və mülki diapazonlu radiostansiyalarının) iş şəraiti və rejiminə seliteb ərazidə (yaşayış və qeyri yaşayış binalarının, qurğuların, habelə sanitariya-mühafizə zonası tələb olunmayan kommunal və sənaye müəssisələrinin yerləşdirilməsi, şəhərdaxili nəqliyyat yollarının, küçələrin, meydanların, parkların, bağların, bulvarların və digər ictimai yerlərin salınması üçün nəzərdə tutulmuş ərazi) elektromaqnit sahələrin səviyyələrinin artmasına gətirə biləcək dəyişikliklərin edilməsinə yol verilmir. Sanitariya-mühafizə zonasının və məhdudiyyət zonasının seliteb ərazi statusu ola bilməz, bu zonalar nəqliyyat vasitələrinin dayanacağı meydançalarının, avtomobillərə texniki xidmət və yanacaqdoldurma məntəqələrinin, neft məhsullarının saxlanması anbarlarının və digər analoji müəssisələrin yerləşdirilməsi üçün istifadə oluna bilməz. Sanitariya-mühafizə zonasının ərazisi kollektiv və ya fərdi bağ sahələrinin salınması üçün istifadə oluna bilməz.