Rusiyanın Suriyaya “S-300” hava hücumundan müdafiə sistemləri verməməsi şərtilə, İsrail və Rusiya müdafiə sistemləri sahəsində əməkdaşlıq edə bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin ehtiyatda olan generalı Uzi Rubin müdafiə mövzulu bir forumda bildirib.

Rusiya və İsrail arasındakı əməkdaşlığı qiymətləndirən Rubin bunun Moskvadan asılı olduğunu deyib.

“Hazırda Rusiya və İsrail arasında dostluq əlaqələri var. Rusiya, İsrailin təhlükəsizlik problemlərinə haqlı olaraq böyük əhəmiyyət verir”, - qeyd edib.

İsrailli general əlavə edib ki, Rusiyanın Suriyaya “S-300” sistemləri çatdıracağı halda, Rusiya və İsrail arasındakı əlaqələr pozulacaq. Rubin bunun siyasi bir problem yaradacağını və ciddi siyasi nəticələrinin olacağını vurğulayıb.

Qeyd edək ki, Rusiya əvvəlki illərdə Suriyaya “S-300”-lərin çatdırılmasını gündəmə gətirmiş, ancaq İsrailin çağırışı ilə geri addım atmışdı. Son olaraq Suriyaya “S-300”-lərin çatdırılması bu ilin aprelində ABŞ, Fransa və İngiltərənin Suriyaya raket zərbələri endirməsindən sonra yenidən gündəmə gəlmişdi.