“İrana qarşı tətbiq olunan sanksiyaların Cənub Qaz
Dəhlizi layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın
düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi
maraqlarının nəzərə alınması baxımından olduqca
əhəmiyyətlidir”.
Publika.az-a açıqlamasında bu barədə Milli Məclisin
deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu
ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların “Cənub Qaz
Dəhlizi”nə şamil edilməməsi barədə göstərişini şərh edərkən
deyib.
H. Babaoğlu qeyd edib ki, bu layihənin müəllifi olan Azərbaycan
onun reallaşdırılması zamanı bütün mümkün riskləri və
perspektivləri dəqiqliklə hesablaya bilib.
“Müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri
olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda
elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün
iştirakçı ölkələrin maraqları uzlaşır. Bu isə heç də sadə məsələ
deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb. İqtisadi
sanksiyaların təzyiq rıçağı olaraq istifadə edilməsi tarixində ən
sərt hallardan biri kimi müşahidə etdiyimiz sanksiyalar zamanı belə
Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır. Çünki
ölkəmiz öz milli maraqlarını özünün strateji tərafdaşlarının milli
maraqları ilə məharətlə koordinasiya edib”, - deyə o bildirib.
H. Babaoğlu əlavə edib ki, söhbət dünyanın ən böyük və ən bahalı
layihələrinin birindən gedir: “Bu layihə sözün əsil mənasında XXI
əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha
bunu sübut edib. Cənub Qaz Dəhlizi layihəsi 7 ölkəni kəmər boyunca
12 fərqli investorla, 12 fərqli alıcı ilə birləşdirəcək. Bu həm də
böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa
İttifaqı istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq.
Yəni əslində bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni
alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması
isə hazırki gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün
hava və su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl
Vaşinqtonda İtaliya Baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ
Prezidenti Donald Trampın "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan
Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə
malik idi və heç də təsadüfi deyildi”.
Deputatın sözlərinə görə, belə mühüm layihələrin həmişə iqtisadi
tərəflər ilə bərabər mütləq siyasi tərəfləri də olur: “Bu da bizim
üçün az əhəmiyyətli deyil. Ölkəmizin həyata keçirdiyi bu tipli meqa
layihələr beynəlxalq münasibətlər sistemində də Azərbaycanın yerini
möhkəmləndirir və rolunu artırır. Bu isə nəticə etibarilə milli
maraqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasına əsaslı
zəmin yaradır”.
Asif