Ermənistanda keçmiş prezident Robert Koçaryanın həbsi
Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən
yaradılan qondarma rejimlə İrəvanın hərbi-siyasi rəhbərliyi
arasında qarşıdurmaya səbəb olub.
Publika.az xəbər verir ki, separatçı rejimin
“parlamentinin” 40-a yaxın “deputatı” Ermənistanın baş prokuroruna
Koçaryanın Qarabağın işğalında göstərdiyi xidmətlərə görə
bağışlanması xahişini ediblər. Lakin bu xahiş İrəvanın siyasi
rəhbərliyində qəzəblə qarşılanıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, İrəvan Qarabağdakı
“deputatların” xahişini qəbul etməyəcək: “Ümumiyyətlə, Qarabağ
hakimiyyəti (separatçı rejim) bir şəxsə görə ciddiliyini sual
altına qoymamalı idi. Lakin onlar buna getdilər. Bu, İrəvanla
Qarabağdakı rejimin qarşıdurmasına gətirib çıxara və daha pis
nəticələr doğura bilər. “Qarabağ parlamenti” faktiki olaraq
Ermənistanda əksinqilabi qüvvələrlə birgə hərəkət edir və İrəvanın
siyasi qərarlarına müdaxilə edir. Halbuki, bu müdaxilə Qarabağla
İrəvan arasında ciddi çatlar yarada bilər”.
Erməni şərhçi Koçaryanın həbsindən sonra yaranmış siyasi
qarşıdurmanın daha bir detalını açıqlayıb.
“İndiyə qədər Qarabağ və Ermənistan sıx şəkildə birlik təşkil
edirdi. Lakin Koçaryanın həbsinə münasibətdə ciddi böhran yarandı
və birlik təhlükə altına düşdü. Çünki Qarabağdakı rejim hələ də
Koçaryanın təsiri altındadır, bu isə ciddi təhlükədən xəbər verir”,
- deyə o bildirib.
Asif