Böyük Britaniya məhkəməsi İŞİD terror təşkilatı ilə bağlı olan ən gənc cihadçı barəsində hökm çıxarıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “Sky News” nəşri bildirib.
18 yaşlı Safu Bular 13 ili məcburi olmaqla (o əfv haqqında müraciəti yalnız bu müddətdən sonra edə biləcək) ömürlük həbsə məhkum edilib.
Nəşr yazır ki, İŞİD döyüşçülü Navid Hüseyn qızı təşkilata cəlb etdiyi vaxt 15 yaşı var idi və məktəbdə imtahanlara hazırlaşırdı. Qız Hüseynlə evlənmək üçün Suriyaya getməyə çalışırdı, ancaq bu cəhdin qarşısı polis tərəfindən alınıb. Hüseyn isə pilotsuz təyyarələrin hücumu zamanı öldürülüb.
İstintaqın materiallarına əsasən, Safu Bular böyük bacısı və anası ilə birlikdə Britaniya muzeyində terror aktını həyata keçirməyi planlaşdırırdı. Hakimin sözlərinə görə, o, planın hazırlamasında əsas rol oynayırdı.
Onun bacısı və anası həmçinin Vestminster sarayında bıçaqla hücum həyata keçirməyi planlaşdırırdılar. Hər iki qadın öz günahını etiraf edib. Qız 16 il məcburi olmaqla ömürlük, ana isə 6 il 9 ay həbsə məhkum edilib.