“Mənim əziz və şıltaq qızım! Səni sevirəm, bunu heç zaman unutma. Həyatda mənli və mənsiz günlərin çox olacaq. Çalış həmişə hər kəsi sev. Sevgidən qüdrətli duyğu yoxdur. İnsan sevərkən azad və xoşbəxt olur, ruhu hər zaman uçur. Atanı, ananı, ailəni, doğmalarını, torpağını, vətənini, ən əsası isə xalqını və Allahı sev! Atanı ucaldan, dayandığı bu nöqtəyə gətirən Allaha və insanlara olan sevgisidir. Atan da onların arasından çıxıb. Onların gücü, məhəbbəti və dəstəyi ilə bu yerə gəlib çatmışam. Əlində 5 manatın olsa, onun yarısını ehtiyacı olan biri ilə paylaş, Allah on qatını sənə qaytaracaq”.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazıb və qızını doğum günü münasibəti təbrik edib. İnstaqramda qızı Dilavərlə şəklini paylaşan məşhur duyğusal sözlər yazıb.
“Çalış mərhəmətli və sevgi dolu ol. Həyatında nə baş verməsindən və harda olmağından asılı olmayaraq, bir çətinliyin olsa belə, bil ki, bir nəfəs qədər yanındayam. Yetər ki, o nəfəsi al! Səndən dəyərli heç nəyim yoxdur, ən böyük qazancım sənsən! Vaxt atlı olub, biz piyada! Tez ye, tez böyü, tez məktəbə get, tez universitetə qəbul ol, tez ailə qur, elə hey tələsirik… Səni yedirtmək üçün bəzən nə qədər əsəb keçiririk, səni yuxudan oyatmaq, geyindirmək, günlük şıltaqlıqlarına dözmək çox əziyyətlidir. Amma elə ki, gecə yerinə girib sakit, heç nə olmamış kimi yatırsan a, bax onda bütün əziyyətlər bir anda yox olur. Bax o gecənin rahatlığını heç nə əvəz edə bilməz. Xoşbəxt ol, qızım. Büdrəsən də, yıxılma, əyilsən də, sınma, əzilsən də parçalanma, böyüyəcəksən, amma kiçilmə. Səni sevən ilk kişi- atan!"