“Bizim xalqımız çox sülhsevər və zarafatcıldır. Dünən kino xadimlərinin bayramı olub. Yavər müəllimlə bizim zarafatımız var. Xəbərdə deyilir ki, guya əlbəyaxa olmuşuq, amma kadrlarda başqa şey göstərilir. Paparatsi jurnalistlər xoşlayır ki, xırda məsələləri böyüdüb qalmaqal yaratsın. Başqa sözüm yoxdur".
Publika.az xəbər verir ki, bu sözləri dünən Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə rejissor Yavər Rzayevlə əlbəyaxaya çıxdığı bildirilən Xalq artisti Oqtay Mirqasımov deyib.
Xalq artisti bildirib ki, yanlış anlaşılma olub:
"Gördüyünüz kimi bu, ciddi münaqişə deyil”.
Qeyd edək ki, Yenicag.az-ın məlumatında tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olduğu qeyd edilir. Bildirilir ki, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar. Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb.