Milli.Az ICTnews-a istinadən bildirir ki, SIMalliance assosiasiyasının yeni hesabatına əsasən, ötən il ərzində assosiasiyanın iştirakçıları ümumilikdə 4,7 milyard SİM kart tədarük ediblər.
Coğrafi məkan baxımından Asiya SİM kartlar üzrə ən böyük bazar olub. Mütəxəssislər, həmçinin bu regionda ən yüksək artım tempi müşahidə ediblər: regionda tədarük həcmi illik 25 faiz yüksələrək 2,36 milyarda çatıb.
Bu göstəricilər üzrə ikinci pilləni Şimali Amerika tutur, bu regionda artım tempi 19 faiz təşkil edib, SİM kartların tədarükü isə 284 milyona çatıb.
Həmçinin MDB və Afrika ölkələrində müsbət dinamika müşahidə olunub – burada tədarük həcmi müvafiq olaraq 5 və 2 faiz yüksəlib, Avropada isə göstəricilər, demək olar, dəyişməyib.
SIMallianceın məlumatları NFC texnologiyasını dəstəkləyən SİM kartların uğurlu nüfuzetməsi haqda məlumat verir. 2014-cü ildə onların tədarükü 69 faiz yüksələrək 132 milyona çatıb. Bu məhsula ən böyük tələbat Şimali Amerikada qeydə alınıb, bu regionda tədarük həcmi 92 faiz yüksələrək 46 milyona çatıb.
Nəticədə region NFC texnologiyasını dəstəkləyən SİM kartların satış həcmi üzrə Yaponiya və Cənubi Koreyanı geridə qoyaraq birinci pilləni tutub.
Avropada, həmçinin NFC dəstəkli SİM kartlara tələbat xeyli artıb: tədarük həcmi 85 faiz yüksələrək 26 milyona çatıb.
Gələcəkdə NFC texnologiyasının geniş yayılması gözlənilir. IHS analitik agentliyinin proqnozuna görə, 2018-ci ildə kontaktsız ödənişlər etməyə imkan verən bu texnologiyanı dəstəkləyən mobil telefonların tədarük həcmi 1.2 milyarda çatacaq. Qeyd edək ki, 2014-cü ildə bu göstərici 416 milyon olub. O zaman dünyada istehsal edilən smartfonların üçdən ikisi NFC funksiyasına malik olacaq.
Milli.Az