Nizaminin öz əsərlərində qadınlara verdiyi önəmli roldan da bəhs edən İ.Seragəldin Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət olduğunu da vurğulayıb. Bolqarıstanın sabiq Prezidentli P.Stoyanov isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaqdan qürur duyduğunu dilə gətirərək Nizamini yalnız şair kimi deyil, zamanının böyük filosofu və humanisti kimi xarakterizə edib. Onun fikrincə, N.Gəncəvi insanlar arasında siyasi islahatlar keçirmək, millətlərarası dialoq və əməkdaşlıq təşəbbüsünü müdafiə etdiyinə görə bu gün istənilən yaşda olan insan üçün ilham mənbəyi olaraq qalır. Bu baxımdan P.Stoyanov qanlı münaqişələr, zorakılıq və müxtəlif dinlər, mədəniyyətlər arasında qarşıdurmaların mövcud olduğu bir zamanda humanizm, anlaşma, təmkinlik və əməkdaşlıq fəlsəfəsi kimi N.Gəncəviyə və onun fəlsəfəsinə ehtiyac olduğunu qeyd edib: “Onun fəlsəfəsi bəşəriyyətin müxtəlifliyini müdafiə edir və o bilirdi ki, yalnız ayrı-ayrı xalqlar, mədəniyyətlər və dinlər arasında bu müxtəliflik və mübadiləsi yolu ilə dünya daha yaxşı bir yer ola bilər”.
P.Stoyanov, həmçinin Nizami yaradıcılığında qadına münasibətə diqqət çəkərək bildirib ki, bu gün qadınlara qarşı zorakılıq dünyanın bir çox yerində hələ də geniş tətbiq edilir və Nizami Gəncəvi bu istiqamətdə real nümunə və ilham mənbəyi ola bilər. Daha sonra E.Konstantinesku, R.Meydani, Milli Məclisin deputatı G.Baxşəliyeva Nizami Gəncəvi yaradıcılığını müxtəlif aspektlərdən təhlil edərək, şairin irsinin ümumbəşəri dəyərlərindən söz açıb, onun istər Azərbaycan, istərsə də Şərq və dünya ədəbiyyatına verdiyi töhfələrdən danışıblar. Konfransdan sonra İ.Seragəldin Azərbaycan dövləti tərəfindən rəhbərlik etdiyi İsgəndəriyyə Kitabxanasına təqdim olunmuş büstün açılışını edib. Açılış mərasiminin ardınca tədbirdə iştirak edən media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Tədbirin ikinci hissəsi Nizami Gəncəvi yaradıcılığını tədqiq edən alimlərinin çıxışları və geniş müzakirələrlə davam edib. Konfrans çərçivəsində İ.Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da keçirilib.
Milli.Az










