Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video-görüntülər yayılması ilə bağlı açıqlama verib. “Report”un xəbərinə görə, nazirlik rəsmi olaraq bildirib ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir: “Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə “Həyacan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır”.