Bakı, 21 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ərazi kənd təsərrüfatı idarələri cari ilin iyunun 1-də ləğv ediləcək.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, artıq 52 rayonda müasir standartlara cavab verən kənd təsərrüfatı idarələrinin inşası başa çatmaq üzrədir. Hazırda nazirliyin Azərbaycanın doqquz regionunda ərazi kənd təsərrüfatı idarələri mövcuddur və bunlar ləğv ediləcək.
Qeyd edək ki, Nazirlər Kabineti 2015-ci il aprelin 14-də "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 sentyabr tarixli qərarının ləğv edilməsi barədə qərar verib. Qərar 2015-ci il 1 iyun tarixindən qüvvəyə minir.