Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə, Azərbaycan Diplomatiya Akademiyasının və Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyi ilə “Əlil İdmançılara Dəstək “ və “İstedadlı Əlillər” İctimai Birlikləri “Biz hər şeyə qadirik” və “Fiziki məhdudiyyətli istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” layihələri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında əlilliyi olan insanların əl işlərindən ibarət sərgi keçirilmişdir.
Əlil İdmançılara Dəstək İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, sərgidən sonra “Əlilliyin dərki və etiket qaydaları” mövzüsunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin tədris, inkişaf və informasiya şöbəsinin müdiri Kamal Məmmədov tərəfindən ADA-nın tələbələrinə treninq və motivasiya xarakterli seminar keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov müzakirə olunan mövzu barədə geniş məlumat verdi. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə ikiqat Paralimpiya, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyev öz həyatı və idman fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, insanın fiziki məhdudiyyətli olması onun qarşıya qoyduğu məqsədə nail olması üçün heç bir maneə törətmir.
Bildirildi ki, tədbirin əsas məqsədi – əlilliyi olan insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olduqlarını, onların həyat eşqini və yüksək iradəyə malik olduqlarını insanlara çatdırmaqdır.
İ.Zəkiyev dedi: “Biz insanların bizə yazıqları gəlməsini deyil, sadəcə cəmiyyətimizin inkişafına və ölkənin tərəqqisinə öz töhfəmizi vermək üçün şərait yaradılmasını istəyirik, bununla da əlilliyi olan insanların istənilən idman növü və sənədlə məşğul ola biləcəklərini göstərmək istəyirik. Eləcə də bu kimi nümunələrlə digər əlilli olan insanlara stimul vermək, onları aktiv həyata, idmanla məşğul olmağa çağırırıq.”