Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonda əvvəllər bu xəstəliyin 24 daçıyıcısı var idisə, indi bu göstərici 42-yə çatıb. Xəstəliyin ən çox yayıldığı yer isə kəndlərdir. Hazırda Göyçayın Qaraməryəm, Şahsoltan, Yekəxana, Çərəkə və Ləkçıplaq kəndlərində rəsmi qeydiyyatda olan 38 hemofiliya xəstəsi var.
Bunların da əksəriyyətini kişilər təşkil edir. Göyçay MRX-in həkimi Mahmud Mustafayev bildirir ki, hemofiliyali xəstələrin sayı ilbəil artır. Bu da Göyçayın kəndlərində ənənənin qorunması, yəni qohumlar arasında ailə quranların sayının çoxluğu ilə bağlıdır. Əhalinin mütəmadi şəkildə tibbi müayinədən keçməməsi, o cümlədən maarifləndirmə işinin zəifliyi xəstəliyin artmasına səbəb olur. Hazırda nikahdan öncə tibbi müayinədən keçmənin digər irsi xəstəliklər kimi, hemofiliyanın da yayılmasının qarşısını alacağına ümidlər var. Xatırladaq ki, ölkə üzrə 1281 hemofiliyalı xəstə qeydiyyatdadır. Onların 5 faizi Göyçayın payına düşür.
Milli.Az