Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Mərkəzi İncəsənət Məktəbində VI Qara Qarayev musiqi festivalı çərçivəsində İsveçrəli gitara ustası Xristof Jagen “ustad dərsi” keçib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gitara ustası ilə bağlı ətraflı məlumat verilib.
Məktəbin direktoru, əməkdar müəllim Kamal Paşazadə istedadlı gitara ustasının 15 ildir ki, professional musiqiçi kimi fəaliyyət göstərdiyini, Bakıya ikinci dəfə gəldiyini söyləyib.
“Ustad dərsi”ndə Bakıdakı musiqi məktəblərindən gəlmiş 4 şagirdin ifasını dinləyən virtuoz sənətkar bu gün musiqiçilərə öz tövsiyələrini verib və onlar qarşısında gitarasını dilə gətirib.
Qonağı heyranlıqla dinləyən şagirdlər üçün bu, bir sənət dərsi və ən gözəl təcrübə mübadiləsi olub.
Bildirilib ki, ölkəmizin musiqi həyatında böyük canlanma yaradan festival çərçivəsində silsilə tədbirlər keçiriləcək.
Festivala aprelin 24-də yekun vurulacaq.