Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, ekskavatorçu Həbib Şahverdiyev bir neçə gün öncə  Cəlilabad rayonunun Əliabad kəndindəki çay hövzəsində  qazıntı işləri apararkən  oradan maraqlı daşlar aşkar edib. Tapılan çay daşlarından həcminə görə ən  böyüyünün üzərində ürək  və göz  təsvirinin olması onu xeyli təəccübləndirib. Daşın səthində hər hansı bir  zədənin olmaması və çay yatağının 2 metr dərinliyindən üzə çıxması təsvirin onun üzərinə süni yolla çəkilmədiyini deməyə əsas verir.

Daha sonra işi dayandıran ekskavatorçu qazdığı yeri diqqətlə nəzərdən keçirib. Bu zaman oradan maraqlı formada olan daha 4 daş aşkar edib. Bunlardan ikisi kürə, biri  dairə formasında olsa da, digəri rənginə və formasına görə yumurtanı xatırladır.

Qeyri-adi daşları ekskavatorçu  müəyyən mütəxəssislərə də göstərib və məlum olub ki, bunlar tamamilə təbii proseslər nəticəsində yaranıb. Daşların qeyri-adi forması və üzərindəki ürək və göz təsviri görənlərin marağına səbəb olduğu üçün Həbib onları evində qoruyub saxlayır.

Milli.Az