Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının reallaşdırdığı “Qarabağ problemi: nə bilirik, nə etməliyik” layihəsi çərçivəsində seminar keçirilib.
AMİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov layihənin böyük əhəmiyyət daşıdığını qeyd edib. Prorektor deyib ki, dövlətimizin artan qüdrəti, Azərbaycanın istəmədən cəlb olunduğu münaqişənin həlli yolunda aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda tarixi qələbə əldə olunacaq. AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlının rəhbərliyi və xüsusi diqqəti ilə institutda vətənpərvərlik mövzusunda mütəmadi tədbirlərin keçirilməsi gənclərin bu istiqamətdə maariflənməsində mühüm rol oynayır.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilməsi barədə danışıb. Bu münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, Prezident İlham Əliyevin bu münaqişənin həllində tutduğu prinsipial mövqe və s. mövzusunda geniş məruzə dinlənilib.
Tədbirdə digər çıxış edənlər də Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyəti tərəfindən müdafiə olunmasında, erməni işğalına son qoyulmasında və başqa bu kimi məsələlərdə gənclərimizin üzərinə düşən vəzifənin məsuliyyətindən söz açıblar. Azərbaycanın ümummilli lider Heydər Əliyevin ideologiyası, Prezident İlham Əliyevin uzaqgörən, cəsarətli və prinsipial siyasəti ilə idarə olunduğunu əsas gətirən natiqlər qələbənin uzaqda olmadığını, torpaqlarımızın düşmən tapdağından azad olunmasına inamın daha da artdığını söyləyiblər.
Tədbirdə əməkdar artist Əli Nur vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, gənclərə tövsiyələrini bildirib.