Zərdab, 16 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə Zərdab rayonunda 13 milyon 484,3 min manat məhsul istehsal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Zərdabda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında məlumat verilib.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, eləcə də digər natiqlər cari ilin ilk üç ayının Zərdab rayonunda uğurla başa çatdığını, bütün sahələrdə dinamik inkişafa nail olunduğunu bidiriblər.
Qeyd olunub ki, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Ötən üç ayda rayonun Əlibəyli, Allahqulubağı və Qoruqbağı kəndlərində qaz çəkilişi davam etdirilib. Burunlu, Sarıqaya və Şətəhal kəndlərinin isə qazlaşdırılmasına başlanılıb.
Hesabat dövründə şəhərin 15-ci məhəlləsindəki küçələrə çınqıl örtük salınıb, Heydər Əliyev prospektində və 20 yanvar küçəsində abadlıq işləri aprılıb, 6 küçədə işıqlandırma sistemi yenilənib. Rayonda magistral yol kənarlarına, küçə və parklara 27 mindən çox şam, küknar, iydə, qovaq və digər növ ağac əkilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızda həyata keçirilən əhalinin kütləvi tibbi müayinəsi Zərdab rayonunda da müvəffəqiyyətlə davam etdirilir. Hazırda rayonda 150 çarpayılıq, o cümlədən 105 çarpayılıq mərkəzi rayon xəstəxanası, hər biri 15 çarpayılıq 3 kənd sahə xəstəxanası, 11 kənd həkim və 12 kənd tibb məntəqəsi, bir növbədə 200 nəfər xəstə qəbul edən poliklinka, gigeyena və epidemiologiya mərkəzi fəaliyyət göstərir.
Zərdab şəhərində, eləcə də kəndlərdə tikinti-quruculuq, abadlıq işləri, yolların təmiri, asfaltlaşdırılması, əhalinin və əkin sahələrinin normal su təzhizatı ilə əlaqədar xeyli iş görülüb.
Hesabat yığıncağında rayonda təhsil, idman, mədəniyyət sahələrinin fəaliyyətinin daha da canlandırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər həyata keçirildiyi vurğulanıb, habelə qarşıda duran vəzifələr barədə ətraflı danışılıb.
Yığıncaqda rayonda “Kənd təsərrüfatı ili”ndə sosial-iqtisadi inkişafa dair hazırlanan kompleks tədbirlər planının uğurla yerinə yetiridiyi, istər bitkiçilik, istərsə də heyvandarlıq sahələrində dinamik inkişafa nail olunduğu bildirilib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.