Bakı, 16 aprel, AZƏRTAC
Danimarka kralı IX Frederik və kraliça İnqridin qızı olan II Marqretin 75 yaşı tamam olur.
Ad günü ərəfəsində jurnalistlərə müsahibə verən Kraliça yaşı ilə bağlı heç bir narahatlığının olmadığını bildirib. II Marqret 1940-cı il aprelin 16-da Kopenhagen şəhərində dünyaya gəlib. Taxt-taca isə 1972-ci il yanvarın 14-də sahib olub. Həyat yoldaşı şahzadə Henriklə izdivacdan iki oğlu və 8 nəvəsi var.
Rəssamlıqla məşğul olan Kraliça II Marqretin bu yaxınlarda Danimarka Dövlət Tarix Muzeyində sərgisi keçirilib. Onun əsərləri yalnız Danimarkada deyil, digər xarici ölkələrdə də nümayiş etdirilir. Arxeologiya elminə də böyük maraq göstərən Kraliça Danimarka, İtaliya və Misirdə bir çox qazıntı işlərində iştirak edib.
Bu günədək yaxinlarının zarafatlarına və çağırışlarına baxmayaraq, Kraliça hələ də mobil telefondan və internetdən istifadə etmir.
