Bakı, 16 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda mayın 5-dən 7-dək keçiriləcək ənənəvi beynəlxalq konfransa hazırlıq işləri davam edir. Dünyanın 19 ölkəsindən 50-dən çox tanınmış elm və ictimai xadimin iştirak edəcəyi konfransa hazırlıq işləri xarici ölkələrdə, BSU-nun tərəfdaş universitetlərində də aparılır.
BSU-dan AZƏRTAC-a bildirilib ki, Rusiyanın Ural Federal Universitetində (UFU) fəaliyyət göstərən BSU-nun Azərbaycanşünaslıq Mərkəzində “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda gənclərin elmi konfransı keçirilib. Bu tədbir may ayında BSU-da keçiriləcək beynəlxalq konfransın bir bölməsidir. Təşkilat komitəsinin qərarı ilə bu konfransda fəal iştirak etmiş altı rusiyalı tələbə Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etmək hüququ qazanıb.
Xatırladaq ki, 2014-cü ildən fəaliyyətə başlayan UFU-dakı Azərbaycanşünaslıq Mərkəzi qısa müddətdə görkəmli alim, professor A.Nesterovun rəhbərliyi ilə bir çox uğurlar əldə edib. Əməkdaşliq çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə UFU-da Azərbaycan multikulturalizmi fənni tədris olunur.
