Ağdaş, 16 aprel, AZƏRTAC
Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində “Narkomaniyaya və qeyri-ənənəvi dini təriqətlərə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon polis şöbəsinin, polis veteranları şurasının, rayon ağsaqqallar şurasının, gənclər və idman idarəsinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dövləti narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həm respublika daxilində, eyni zamanda, beynəlxalq müstəvidə səylərini ilbəil gücləndirir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın tələblərindən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində kompleks təşkilati tədbirlərin görülməsi ölkəmizdə bu bəla ilə mübarizəyə verilən önəmin əyani sübutudur.
Qeyd olunub ki, narkomaniya ilə mübarizə çoxşaxəli fəaliyyət tələb edən dinamik prosesdir. Bu bəlanın ictimai təhlükəsi ondan ibarətdir ki, o, milli varlığımıza böyük zərbə vura bilər. Məhz buna görə də əsasən gizli şəraitdə baş verən, alış-satışı, istehlakının geniş vüsət aldığı bu təhlükənin dəf edilməsi dövlət və özəl qurumların fəaliyyətinin əsas hədəfi olmalıdır.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dini məsələlərdə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ölkədə vətəndaşların öz vicdan azadlıqlarını həyata keçirmələri istiqamətində görülən işləri daim diqqətdə saxlayır. Bildirilib ki, ölkədə fəaliyyət göstərən qeyri-ənənəvi dini qruplaşmalar tolerantlığa zərbə vurur. Bu qruplaşmalar müqəddəs amala xidmət etmirlər. Bir çox hallarda onlar bəzi siyasətçilərin əlində alətə çevrilir, cəmiyyəti uçuruma aparırlar.