Bakı, 16 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsində təmsilçisi Elnur Hüseynov aprelin 10-dan promotura yollanıb. Müsabiqə öncəsi o, ən azı, 6 ölkəni ziyarət edəcək. Səfər çərçivəsində E. Hüseynov Macarıstanın paytaxtı Budapeştdə gəlib və burada mətbuat və pərəstişkarlarla ünsiyyətdə olub, həmçinin Macarıstan təmsilçisi Boqqi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, hər iki ifaçı şəhərin tarixi, mədəni yerlərini ziyarət edərək geniş fikir mübadiləsi aparıblar.
Növbəti dəfə müsabiqə iştirakçıları Amsterdamda görüşəcəklər, onlar aprelin 18-də müsabiqədən əvvəl ən irimiqyaslı tədbirdə - “Eurovision in Concert”də iştirak edəcəklər.
Azərbaycan təmsilçisi Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrəli iştirakçı kimi “Hour of the Wolf” mahnısını təqdim edəcək.