Bakı, 16 aprel, AZƏRTAC
Beyləqan rayonunun Xaçınabad yaşayış məntəqəsi ərazisində əkin işləri aparılarkən partlamamış hərbi sursat (PHS) aşkar olunub. Ağstafa rayonunun Vurğun qəsəbəsindəki “Limonluq” restoranının yaxınlığında da PHS aşkarlanıb. Hər iki rayonun rəhbərliklərinin aidiyyəti üzrə müraciətlərinə əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beyləqan rayonu ərazisində aşkarlanan 33 ədəd “PQ-7” tipli tank əleyhinə idarə olunmayan raketin partlatma yolu ilə yerində zərərsizləşdirilməsi planlaşdırılır. Hazırda ərazidə təmizləmə əməliyyatları icra olunur.
Ağstafa rayonu ərazisində aşkar olunan bir ədəd 130 millimetrlik “BR-482” top mərmisi isə rayon ərazisində yerləşən mərkəzi məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib.