Ağcabədi, 16 aprel, AZƏRTAC
Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbin idman meydançasında “Şahin” hərbi-idman oyunu üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyinin final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış iştirakçıları sıra hazırlığı, fiziki hazırlıq, əleyhqazdan istifadə, turnikdə dartınma, mülki müdafiə hazırlığı və digər mərhələlərdə qüvvələrini sınayıblar. Yarışın nəticələrində görə Ağcabədi şəhər 8 nömrəli, Rəncbərlər və Nəcəfqulubəyli kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüb.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları təqdim edilib.
Hərbi idman oyunlarında birinci yeri tutmuş 8 nömrəli tam orta məktəbin komandası Goranboyda keçiriləcək respublika birinciliyinin zona mərhələsində Ağcabədi rayonunu təmsil edəcək.