Bakı, 16 aprel, AZƏRTAC
Rusiyanın Kalininqrad şəhərindəki zooparkın ziyarətçiləri qara üzgəcli rif köpək balığını stress səviyyəsinə çatdırıblar. Ürəyi zəif olan balıq buna dözə bilməyərək ölüb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Kalininqrad zooparkının əməkdaşlarının ziyarətçilərdən gizlətdiyi rif köpək balığı öldükdən sonra ekspertizaya aparılıb. Ekspertizanın rəyinə əsasən onda miokardoz - ürək zəifliyi aşkarlanıb.
Keçən ilin payız aylarında zooparkda ziyarətçilərin akvariumun şüşəsini uzun müddət və inadla döymələri nəticəsində köpək balığı güclü stress keçirmişdi. Qorxuya düşən yırtıcı özünü akvariumun divarlarına çırparaq burnunu və gözünü yaralamışdı. Bundan sonra ixtioloqlar onu müvəqqəti olaraq tamaşaçılardan təcrid edib və suyuna sakitləşdirici preparatlar tökmək qərarına gəliblər. Lakin köpək balığının ömrünü uzatmaq mümkün olmayıb.