[ 15 Aprel 2015 22:25 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə həyata keçirilən "Gürcüstanda istehsal et" dövlət proqramı çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində də "Orta və kiçik müəssisələrin inkişaf etdirilməsi" adlı layihənin həyata keçirilməsinə başlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Marneulidə dövlət proqram ilə bağlı Bolnisi, Marneuli və Dmanisi  rayonlarından gələn fermerlər və yerli sakinlərlə görüş keçirilib. Tədbiri Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili açıb. Sonra Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirliyinin nümayəndəsi, Sahibkarlığın İnkişaf Agentliyinin rəhbəri Georgi Tsikolia "Gürcüstanda orta və kiçik müəssisələrin inkişafı" adlı layihənin təqdimatını keçirib. Təqdimatda qeyd olunub ki, dövlətin ayırdığı vəsait ilə yerli əhali özlərinin biznesini təşkil edə bilərlər, yekunda bu biznes regionun inkişaf etdirilməsinə səbəb olacaq.

 

Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili APA-ya açıqlamasında layihə üçün 20 milyon lari məbləğində vəsait ayrıldığını bildirib: "Layhə çərçivəsində orta və kiçik sahibkarlar biznes layihə yazıb ayrılan məbləğdən səmərəli istifadə edə bilərlər. Düşünürəm ki, bu məbləğ 600 nəfər sahibkarın biznes layihəsinin inkişafına dəstək olacaq. Layihə çərçivəsində Marneulidə və digər rayonlarda kənd təsərrüfatının inkişaf etdirilməsi burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq."