Bakı, 15 aprel, AZƏRTAC
Türkmənistan Elmlər Akademiyası (EA) Əlyazmalar İnstitutunun elmi katibi Kakajan Janbekov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun qonağı olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda hazırlanan türk xalqları ədəbiyyatı antologiyası ilə bağlı ətraflı məlumat verib. Türkmən ədəbiyyatının da yer alacağı cildlərin materialları üzrə geniş müzakirələr aparılıb. Akademik İ.Həbibbəyli on cildlik türk xalqları ədəbiyyatı antologiyasının ilk cildini əhatə edəcək Türkiyə şeir antologiyasının artıq çapa hazır olduğunu və institutun 2015-ci il üzrə nəşr planına salındığını bildirib. Vurğulanıb ki, növbəti cilddə Türkmənistan ədəbiyyatını qədim dövrdən tutmuş müasir dövrədək olan mərhələsini əhatə edəcək materialların hazırlanması ilə bağlı işlərə başlanılıb.
K.Janbekov akademik səmimi görüşə görə akademik İ.Həbibbəyliyə təşəkkürünü bildirib. Qonaq təmsil etdiyi institutun əməkdaşları adından antologiyanın nəşri ilə bağlı iki dost ölkənin elmi tədqiqat müəssisələri arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu işdə lazımi kömək göstərəcəklərini diqqətə çatdırıb.
AMEA Ədəbiyyat İnstitutu direktorunun müavini, türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev türkmən ədəbiyyatı antologiyası ilə bağlı aparılan işlər barədə məlumat verib.
Akademik İ.Həbibbəyli türk xalqları ədəbiyyatı çoxcildliyinin nəşrinin böyük əhəmiyyətini vurğulayıb, bundan sonra da digər türk ölkələrinin ədəbiyyatşünasları ilə elmi əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.