Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən bədii yaradıcılıq festivalının universitet üzrə yekun konserti keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) birgə qərarı ilə təşkil olunur.
Bədii yaradıcılıq festivalının keçirilməsinin məqsədi tələbə gəncləri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin incəsənət və mədəniyyətin ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin üzə çıxarılaraq qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Mart ayından başlayaraq keçirilən festivalda ölkəmizin bütün dövlət və qeyri-dövlət ali məktəblərinin tələbələri iştirak edirlər.
ADU üzrə yekun konsertdə ilk öncə ümummilli lider Heydər Əliyevin həyatını, fəaliyyətini, xalqa məhəbbətini əks etdirən videoçarx nümayiş olunub.
Konsertdə ADU-nun “Dalğa” rəqs qrupunun ifasında milli rəqslərimiz təqdim olunub. Tələbələrin ifa etdikləri şeir və mahnılar maraqla qarşılanıb.
Parisin Sorbon Universitetində keçirilən “Mədəni mübadilə” adlı festivalın iştirakçısı olan tələbələr festivalda təqdim etdikləri proqramı nümayiş etdiriblər.
Münsiflər heyəti ifaçıların yüksək yaradıcılıq məharəti ilə yanaşı, onların səhnə mədəniyyətini, geyimlərini nəzərə almaqla seçim edəcək.
Festival qaliblərinin yekun konsertinin mayın birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Qaliblər Təhsil Nazirliyinin və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.