Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Kvant hesablamaları” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov 2013-cü ilin dekabrında Koreya Respublikasının Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunda “Kvant informasiyası” mövzusunda keçirilən beynəlxalq konfransdan söz açıb. Qeyd edilib ki, silsilə konfransın 2016-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ölkəmizdə təşkil olunması gözlənilir.
Fizika üzrə fəlsəfə doktoru Elçin Cəfərov seminarda iştirak edən, Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunun professoru Jayevan Kim barədə məlumat verib. Bildirilib ki, kvant kompyuterləri sahəsində tanınmış alim J.Kim bu sahədə bir sıra tədqiqatlar aparıb və çoxlu sayda məqalələrin müəllifidir. Koreyalı alim artıq üçüncü dəfədir ki, ölkəmizə gəlir. O, ötən ilin oktyabrında təşkil olunan IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından olub. Forumda alim “Koreyada nüvə enerjisinin tədqiq sahələri” və “Kvant kompyuterleri” mövzularında məruzələrlə çıxış edib.
Seminarda professor J.Kimin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.