Geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, qadağan olunacaq. Bununla bağlı cinayət məsuliyyəti müəyyənləşdiriləcək. Satıcılar və alıcılar nə deyir?
Son illər dünyanın ticarət məkanlarında geni dəyişdirilmiş məhsullardan istifadə halları çoxalır. Adətən bunlar təbii məhsullardan daha böyük və səliqəli görünür.
Torlu don geyinmiş alma və portağallar da göz oxşayır. Lakin onlar kimyəvi preparatlar vasitəsilə yetişdirilir. Əhalinin çoxunun isə bu haqda məlumatı yoxdur.
Bəzi istehlakçılar isə onları dadlarına görə ayıra bilir.
 
Alıcı: "Xaricdən gələn məhsulların dadında suya uyğun dad var. Amma özümüzün istehsal elədiyimiz məhsulların tamı başqadır".

Təəssüf ki, problem yalnız dadın az olmasında deyil. Kökündən kimyəvi müdaxilə olan bu məhsullara hətta ziyanvericilər belə yaxın düşmür. İş o yerə çatıb ki, geni dəyişdirilən məhsulları özümüz də yetişdiririk. Kənd əhalisi məhsuldarlığın yüksək olması üçün bəzən xarici toxumlardan istifadə edir. Bu zaman özləri belə bilmədən geni dəyişdirilən məhsulu becərmiş olur. Azərbaycanda “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanun” qəbul olunub.

Həmin qanuna əsasən, geni dəyişdirlən məhsullar markalanmalıdır. Lakin araşdırmalarımızda bu məhsulların üzərində xəbərdaredici etiketlərə rast gəlmədik. Çıxış yolu qalır yalnız alıcıların diqqətli olmasına...

Milli.Az