Bakı, 15 aprel, AZƏRTAC
Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsi İtaliya və Avropa İttifaqı ölkələri üçün qaz tədarük mənbələrini şaxələndirməyə təminat verəcək, regionun enerji təhlükəsizliyinə xidmət edəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirlər aprelin 15-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə səsləndirilib.
Görüşdə R.Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya işgüzar görüşünün iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına müsbət təsir edəcəyini bildirib. O, İtaliya şirkətləri ilə SOCAR arasında çoxşaxəli və sıx əməkdaşlıq əlaqələrinin yarandığını qeyd edib, “SOCAR Polymer” MMC ilə “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu arasında Sumqayıtda Polipropilen zavodunun inşası haqqında müqavilənin imzalanmasını yüksək qiymətləndirib. R.Abdullayev İtaliya şirkətlərinin bundan sonra da SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrdə fəallıq göstərəcəklərinə əmin olduğunu bildirib.
İtaliya Respublikasının iqtisadi inkişaf naziri xanım Federika Quidi də Azərbaycan-İtaliya işgüzar görüşünün əhəmiyyətini vurğulayıb və belə görüşlərin müxtəlif sahələrdə münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini söyləyib. Nazir ölkələr arasında əlaqələrin möhkəmlənməsində “Cənub” qaz dəhlizi layihəsinin, xüsusilə, onun mühüm hissəsi olan Trans-Adriatik (TAP) qaz boru kəmərinin əhəmiyyətindən danışıb. O bildirib ki, TAP layihəsi İtaliya və Avropa İttifaqı ölkələrinə qaz tədarük mənbələrini şaxələndirməyə təminat verəcək, regionun enerji təhlükəsizliyinə xidmət edəcək.
Nazir qeyd edib ki, TAP layihəsinin rəsmiləşdirilməsi yekun mərhələyə qədəm qoyub və may ayının sonunadək kəmərin tikinti layihəsi üzrə bütün hazırlıq işləri başa çatacaq. Daha sonra o, başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini təqdim edib və İtaliya şirkətlərinin nümayəndələri qısa təqdimatlar keçirərək SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.
R.Abdullayev bir çox İtaliya şirkətlərinin SOCAR-ın elan etdiyi tenderlərin qalibi olduğunu vurğulayaraq şirkətləri və iş adamlarını “Cənub” qaz dəhlizi layihəsinin müxtəlif mərhələləri, eləcə də Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (OGPC) və ölkə daxilində həyata keçirilən digər layihələr üzrə keçiriləcək tenderlərdə daha fəal olmağa, səmərəli təkliflər verməyə dəvət edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.