Paris, 15 aprel, AZƏRTAC 
Son illər Fransanın ali təhsil ocaqları ilə əlaqələrin genişləndirən Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi Parisin Sorbon Universitetində keçirilən “Mədəni mübadilə” adlı festivalda iştirak etmək üçün aprelin 7-dən 14-dək Fransada səfərdə olub.
Universitet rektorunun müşaviri Vazeh Əsgərov səfər barədə AZƏRTAC-a verdiyi müsahibəsində deyib: Universitetimizlə Sorbon Universiteti arasında müqaviləyə əsasən “Mədəni mübadiə “ proqramı əsasında on tələbəmizin Fransaya səfəri reallaşıb. Səfərin məqsədi tələbələrin dil bacarıqlarını inkişaf etdirmələrindən, fransız həmkarları ilə yaxın ünsiyyət yaratmalarından, eyni zamanda universitetlərarası əlaqələrin genişləndirilməsindən, zəngin tarixə malik mədəni irsimizin ftransızlara yaxından tanıtdırılmasından, Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verilməsindən ibarət idi.
Bu layihənin ideyası Parisdə yaşayan soydaşımız Səidə Zülfüqarova ilə görüşümüz zamanı yaranıb. Yeri gəlmişkən, buna qədər Fransanın bir çox universitetləri, xüsusi ilə də Strasburq Univesiteti ilə müvafiq layihələrimiz olub. Mədəni mübadilə ilə bağlı layihəni isə ilkin olaraq Sorbon Universiteti ilə reallaşdırdıq. Bununla bağlı ciddi iş apardıq və nəticədə layihənin gündəliyi təsdiqini tapdı və universitetin rektoru, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tərəfindən dəstəkləndi.
Layihəyə əsasən tələbələrimiz fransız tələbələrinin evində yerləşdirilmişdi. Buna cavab olaraq Bakı-2015 ilk Avropa Oyunları zamanı Azərbaycana səfər edəcək Paris Sorbon Universitetinin 10 tələbəsi də azərbaycanlı həmkarlarının evlərində yerləşdiriləcək. Belə ünsiyyət nəinki tələbələrin yaxınlaşmasına, həm də azərbaycanlı tələbələrin Fransa və onun mədəni dəyərləri, fransız tələbələrinin isə öz növbəsində ölkəmizin zəngin tarixi, mədəni irsi, adət ənənələri ilə yaxndan tanış olmasına hərtərəfli şərait yaratmaq baxımından çox mühüm əhəmiyyətə malikdir.
Səfər proqramımız çox sıx idi. Festivalda tələbələrimizin çıxışı üçün 15 dəqiqə vaxt ayrılmışdı. Amma onların milli geyimdə “Azərbaycan”, “Sarı gəlin“ və digər xalq mahnıları ilə yanaşı, Co Dessənin “ Les Champs Elisees “ mahnısını, “Qaval“ və “Yallı“ milli rəqslərimizi yüksək səviyyədə ifa etmələri tamaşaçıların böyük marağına səbəb olduğundan çıxış iki saata yaxın çəkdi.
Bir həftə üçün nəzərdə tutulan proqram çərçivəsində tələbələrimiz müxtəlif tədbirlərdə iştirak etdilər. Onlar Sorbon universitetində təhsilin quruluşu ilə yaxından maraqlandılar, Parisin tarixi və görməli yerləri ilə tanış oldular.
Bakıya qayıtdıqdan sonra fransalı tələbələrin ölkəmizə səfərinin təşkili ilə bağlı hazırlıq işlərinə başlayacağıq. Sorbon Universiteti tələbələrinin ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti barədə ətraflı tanış olmaları üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris