O, Azərbaycan Uşaqlar Birliyinin sığınacağındakı 15 uşaqdan biridir və bura küçədən gətirilib.
Milli.Az "BBC Azərbaycan"a istinadən bildirir ki, küçə uşaqlarının əksəriyyəti toksikomaniyaya tutulub, onları yollarda tapan sosial işçilər deyir. Soyuq havaları küçələrdə ayaqqabı mazı, yapışqan iyləyərək keçirirlər.
Onların arasında müxtəlif xəstəliklər yayılıb. Bütün bu ziyanlara baxmayaraq, müstəqil həyat sürməyi üstün tutan bu uşaqlar, ailə içinə qayıtmaq və ya təhsil almaq barədə düşünmürlər.
Dövlət qurumlarına görə, Azərbaycanda küçə uşaqları yoxdur. Küçə uşaqları ilə məşğul olan təşkilatlar isə yüzlərlə belə uşağı tapıb, onlara sığınacaq verdiklərini deyir.
Gültacın hekayəsi
Gültacdan ən sevdiyin rəng nədir, soruşuram. Çiyinlərini çəkir. Sonra otaqdakı bütün rəngləri göstəririk. Axırda geyindiyi köynəyi göstərərək bu, deyir. Köynəyi isə yaşıl rəngdədir.
Şərti olaraq Gültac adlandırdığımız bu qızcığazın 7 yaşı var. Ağlı söz kəsəndən bəri küçə həyatına məruzdur. Danışdıqlarından hiss olunur ki, bu bir məcburiyyət olub.
Öyrənirik ki, Gültacın ailəsi 6 nəfərdən ibarət olub. Atası, anası və 3 qardaşı var. Ailə birlikdə Sabunçu qəsəbəsində bir otaqlı evdə kirayə yaşayırmış.
Atası Nizami küçəsində şəkil satırmış, özü isə pul yığırmış. Gültac müsahibə boyu dilənçilik etdiyini boynuna almaq istəmir. O bu prosesi pul yığmaq adlandırır.
Anasının harada olduğunu soruşanda, anamı arvadlar olan yerə aparıblar deyir. Məlum olur ki, anası da, nənəsi də oğurluq üstündə tutulub.
Yapışqanla təsəlli
Sığınacaqda işləyən social işçi Həcər Ağayeva 4 il ərzində 500-dən çox küçə həyatına məruz qalmış uşaqla işləyib.
O uşaqların küçədə başına çox şeylər gəldiyini bildirir.
"Küçələrdə onlar döyülürlər, fiziki, mənəvi, cinsi zorakılığa məruz qalırlar. Yaşda daha böyük yeniyetmələr varsa, bu uşaqları daha çox dilənməyə məcbur edib, gətirdiyi pulu mənimsəyirlər".
Həcər Ağayeva deyir ki, küçə həyatına məruz qalmanın ən böyük səbəbi məişət zorakılığıdır. Zorakılıq olan ailələrin və bir çox boşanmış ailələrin uşaqları bu yola əl atırlar. Bu uşaqların çoxu insan alveri qurbanına çevrilirlər.
Toksikoman olmalarının səbəbi isə, soyuq və aclıqdır. “Keçən dəfə bizim də qeydə aldığımız 4-5 belə uşaq küçədə yatıb qalmışdılar. Əyinlərində nə qalın köynək, nə də ki corab var idi. Amma quru daşların üstündə yatmışdılar. Onlar o qədər yapışqan iyləmişdilər ki, soyuğu hiss etmirdilər. Hamı elə bilir bu uşaqlar yapışqanı həzz üçün iyləyirlər, amma elə deyil. Onlar aclığı və soyuğu unutmaq üçün belə edirlər. Yapışqandan başqa, qaz və ayaqqabı mazı da iyləyirlər”.
Sosial işçi deyir ki, daimi yapışqan iyləmək bu uşaqların ağciyərlərinə çox ziyan vurur. Bu uşaqlarda həm də Hepatit B, C, QİÇS və Siflis xəstəlikləri yayılıb.
“Bizdə küçə uşağı yoxdur”
Psixoloq Mahirə Sadıxova bu uşaqların aqressiv və qapalı olduğunu bildirir. Onun sözlərinə görə, küçə həyatını yaşayan uşaqlar hər kəsə güvənmir.
“Aqressivlikdən başqa onlarda yuxu pozğunluğu və nevroloji problemlər olur. Bu da ritmi pozulmuş həyat tərzinə görədir. Bu uşaqlar reabilitasiyaya meyilli olmurlar və müstəqil həyatlarından vaz keçmək istəmirlər”.
Azərbaycanda dövlət orqanlarının küçə uşaqları ilə bağlı mövqeyi üst-üstə düşmür.
Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elgün Səfərovun sözlərinə görə, qurum bu məsələ ilə bağlı daimi qeydiyyat aparır. "2011-2012-ci illərdə 408 küçə uşağı qeydə alınıb. 2012-ci ildə isə avaraçılıq və dilənçiliklə məşğul olan 669, 2013-cü ildə 493 uşaq qeydə alınıb", o deyir.
Qeydiyyatı aparan orqan Daxili İşlər Nazirliyidir. Amma nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Azərbaycanda küçə uşaqlarının olmadığını deyir. O belə terminin mövcudluğunu qəbul etmir.
“Bizdə avaraçılıq və dilənciliklə məşğul olanlar var ki, onlar təkcə uşaqlar deyil, həm də daha yaşlı adamlardır. Mütəmadi olaraq paytaxt ərazisində reydlər keçirilir. Bu insanlar saxlanılaraq, qanuna uyğun olaraq cərimə olunur və ya yaşadıqları rayonlara geri göndərilir. Əsasən Yevlax və Ağdaşdan gəlirlər. Onlar dilənməyi özlərinə peşə seçənlərdir, el arasında onlara qaraçılar da deyilir. Azəbaycanda küçələrdə yaşayan uşaqlar yoxdur”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə izah verir: Faktiki olaraq vaxtının çox hissəsini küçədə keçirən, kirayə belə olduğu halqda böyük şəhərdə məskunlaşıb ailəsi ilə gec-gec təmas quran, çay evlərində, küçələrdə, mənzillərin zirzəmilərində yaşayan, səfil həyatı sürən, avaraçılıqla məşğul olanları küçə uşaqları hesab edirik.
“Mən deməzdim ki, Azərbaycanda bu uşaqların sayı çoxdur. Çox idi. 1990-ci illərdə, 2000-ci illərin əvvəllərində, keçid dövründə bir ordu var idi. Son illərdə kütləvi deyil, amma roman tayfalarından olanlar, ailə zorakılığına məruz qalıb evdən qaçan uşaqlar var. Təkcə keçən il bizim təşkilat 1000 belə uşaq qeydə alıb”.
Xanım Ağazadə təşkilatda fəaliyyət göstərən sığınacaqdan da danışır. Onun sözlərinə görə, sığınacaqda 10 çarpayı olsa da, bəzən burada 34 uşaq birdən yerləşdirilib.
Onun fikrincə, heç bir uşaq bu həyatı arzulamaz. "Amma buna məcbur olanlar var. Elə uşaqlar var ki, evdən 17 dəfə qaçır. Valideyn məsuliyyətsizliyi bunun səbəbidir".
“Problemi həll etmək üçün alternativ xidmətlərə çox ehtiyac var. Bu gün küçə həyatına məruz qalmış uşaqlar üçün cəmi iki sığınacaq var, amma bu uşaqlarla iş aparılmalıdır. Onlar reabilitasiyadan keçməlidirlər. Həm də reabilitasiya müddətində olan və yeni gəlmiş uşaqları bir yerdə saxlamaq olmur. Amma biz yerimiz məhdud olduğu üçün buna məcburuq”.
Elgün Səfərov deyir ki, hazırda alideyn məsuliyyəti ilə bağlı qanun layihəsi işlənilib hazırlanır. "O qanunda həm də küçə uşaqları ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi uşaq hüqularının həyata keçirilməsində valideyn məuliyyətinin artırılması ilə bağlıdır", hökumət rəsmisi əlavə edir.
Həllə cəhdlər var
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev bu məsələnin bütün dünyada aktual olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanda dövlət qurumları problemi həll etmək üçün cəhdlər edirlər, ancaq bu əsasən paytaxtda baş verir.
“Son iki-üç ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sifarişlərin verilməsi prosesinə başlanılıb. Bu proqram çərçivəsində keçirilən müsabiqənin bir hissəsi küçə uşaqları və baxlmsız uşaqlarla bağlıdır. Belə uşaqlarla iş aparılır, onların təhsilə cəlb olunması, hüquqi problemlərinin aradan qaldırılması, sosial və psixoloji yardımların göstərilməsi müsbət haldır. Amma bir problem var ki, proqram yalnız Bakıda tətbiq olunur. Digər bölgələrdə də bu işlər aparılsa yaxşı olar".
Cənab Quliyev onu da qeyd edir ki, 2013-cü ildə bu proqrama 2 milyon manat pul ayrılıb. Proses son iki ildə də davam etdirilib.
Bundan başqa Nazir Quliyevin sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə 2016-2020-ci illər üçün uşaq strategiyası hazırlayır. Bu strategiyanın çərçivəsində həyata keçiriləcək istiqamətlərdən biri də məhz küçə uşaqları və baxımsız uşaqlardır.
Ümid yeri Uşaq sığınacağı Xeyriyyə Cəmiyyəti yuxarıda qeyd edilmiş müsabiqəyə 3 ildir ki qalib gəlir.
Cəmiyyətin sədri Nigar Məsimli deyir ki, təşkilat 18 illik fəaliyyətləri dövründə 3000–dən çox uşağa yardım edib. Təşkilatın sığınacağı 50 nəfər üşün nəzərdə tutulub.
Hazırda bu 50 nəfərin 20-i küçə həyatına məruz qalmış uşaqlardır.
Nigar Məsimli deyir ki bu uşaqların sayı əvvəlki illərə nisbətdə azalıb. Bu da ölkədə həyat şəraitinin yaxşılaşması ilə birbaşa bağlıdır.
Gültac sığınacaqdakı həyatından məmnundur, şorbanı çox sevir. Deyir ki, əvvəlki evimizdə ancaq yumurta yeyirdik.
Anası barədə danışır, deyir ki, onu döyürmüş. “Biz tarqovida pul yığanda uzaqdan durub bizə baxırdı. Evə pula az gətirəndə məni çimdikləyirdi”.
Gültac hələ də ailəsi ilə birgə yaşamaq istəsə də, daha pul yığmaq istəmir. Qardaşlarından biri nənəsinin himayəsindədi və məktəbdə oxuyur. Gültac onu görməyi çox istədiyini deyir.
Milli.Az





