Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, artıq ənənə halını alan yarışmada bu dəfə Azərbaycanla yanaşı, Türkiyə, Misir, Rusiya Federasiyası (Başqırdıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və İndoneziyanı təmsil edən gənc istedadlar iştirak edirlər.
Açılış mərasimində çıxış edən yarışmanın təşkilat komitəsinin sədri, “Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə müsabiqə barədə məlumat verib.
“Kainat” Gənclik Mərkəzinin fəaliyyətindən, reallaşdırdığı layihələrdən söz açan R.Rəsulzadə bildirib ki, rəhbərlik etdiyi qurum ötən illər ərzində İslam Əmakdaşlıq Təşkilatının və İSESCO-nun iştirakı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının ənənəvi beynəlxalq müsabiqəsini təşkil edir. Layihə bilavasitə artıq dördüncü dəfədir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər və Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə reallaşır. Müsabiqənin coğrafiyası da ildən-ilə genişlənir. Budəfəki yarışmaya ona yaxın ölkənin təmsilçisi qatılıb.
Diqqətə çatdırılıb ki, iki gün ərzində beynəlxalq tərkibli münsiflər heyətinin iştirakı ilə dinləmələr keçiriləcək. Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq və müsabiqəyə qala- konsert proqramı ilə yekun vurulacaq.
Rahib Rəsulzadə deyib ki, müsabiqə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 130 illiyi ərəfəsində təşkil olunan tədbirlər sırasına daxildir.
Sonra dinləmələrə başlanılıb.
