Bakı, 13 aprel, AZƏRTAC
Nizami rayonundakı 10 nömrəli tam orta məktəbdə görkəmli şair və dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ədibin həyat və yaradıcılığına həsr edilən sərgi ilə tanış olublar.
Məktəbin direktoru Leyla Məmmədova böyük söz ustadının zəngin yaradıcılığından söz açıb.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Hüseyn Cavid şəxsiyyətinin mübarizə və qətiyyət rəmzi olduğunu söyləyib. Bildirilib ki, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, onun zəngin irsinin öyrənilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindəndir.
Tədbirdə digər çıxış edənlər də bildiriblər ki, Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcını qoyub. Romantizm cərəyanının ən güclü nümayəndəsi olan sənətkar lirik əsərləri ilə yanaşı, mənzum faciə və tarixi dramları ilə ədəbiyyatımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.
Sonda məktəblilərin ifasında görkəmli dramaturqun yaradıcılığına həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.