Bakı, 13 aprel, AZƏRTAC
Bakının 267 nömrəli məktəb-litseyində yazıçı-dramaturq Əli Əmirli ilə görüş keçirilib.
Ə.Əmirli AZƏRTAC-a bildirib ki, görüşdə müasir dramaturji prosesdən, Azərbaycan dramaturgiyasının keçdiyi tarixi inkişaf yollarından, teatrlarımızda nümayiş olunan səhnə əsərlərinin milli-mənəvi, estetik və tərbiyəvi xüsusiyyətlərindən geniş söz açılıb.
Görüşün təşkilatçısı, dil-ədəbiyyat müəllimi Südabə Abdullayeva Əli Əmirlinin yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verərək, diqqəti yazıçının son iyirmi beş ildə daim gündəmdə olan dramaturji fəaliyyətinə yönəldib. Görüş iştirakçılarında dramaturqun teatr yaradıcılığı haqqında əyani təsəvvür yaratmaq üçün şagirdlərin hazırladıqları videoçarx nümayiş etdirilib. Videoçarxda dramaturqun müxtəlif illərdə, müxtəlif teatrlarda tamaşaya qoyulmuş "Bala - başabəla", “Şah Qacar", "Mən səni sevirəm - M.S.S", "Mesenat" və sair əsərlərindən parçalar əksini tapıb. Daha sonra məktəbin fəal şagirdləri dramaturqun "Mən səni sevirəm - M.S.S" əsərindən bir parçanı öz ifalarında səsləndiriblər.
Sonda Əli Əmirli məktəb-litseyin müəllim və şagirdlərinin Akademik Milli Dram Teatrında birgə baxdıqları "Şah Qacar" tamaşası ilə bağlı çoxsaylı suallarını cavablandıraraq Azərbaycan mədəniyyətində, o cümlədən ölkəmizin teatr həyatında gedən coşqun yaradıcılıq işlərindən və sürətli inkişaf prosesindən danışıb.